“Ağız və çənə cərrahiyyəsi” üzrə Rezident-həkim Pərviz Rəhimli: "Dişlərinizlə bağlı heç zaman ümidsizliyə qapılmayın"
- Pərviz doktor, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan həkim olmaq arzusu ilə böyüməsəm də, bu seçimi etməkdə anamın böyük təsiri oldu. Doğru seçimləri bəzən valideynlərimiz bizdən yaxşı bilir. Bu gün stomatologiya, həqiqətən, dünyada lüks sahə sayılır. Düşünürəm ki, yenidən seçim etmək şansım olsaydı, yenə bu sahəni seçərdim.
- Artıq neçə idir ki, bu sahədəsiniz?
- Azərbaycanda və Almaniyadakı ümumi iş təcrübəm on iki ilin üzərindədir.
- İs prinsipiniz nədən ibarətdir?
- Hal-hazırda “Ağız və çənə cərrahiyyəsi” üzrə fəaliyyət göstərirəm. İşimiz daha kompleks və mürəkkəb əməliyyatları diş həkimlərinin göndərişi əsasında və ya bu sahə üzrə göstəriş olan pasiyentlərin müraciəti ilə icra etməkdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ağızdaxili və alveolar bütün əməliyyatlar bizim sahədə icra olunur - Diş Transplantasiyası, reimplantasiya, ağıl dişlərinin çəkimi, hemiseksiya, tumorrezeksiyası, implantologiya, Sinus, sinuslift, Osseointegration, üz-çənə sümüklərinin sınıqları/toxuma zədələnmələri, CMD, retrograde endodontiya, Gummy smile, dodaqkorrektur, Frenulum linguae, Abszess əməliyyatları, Kökucu rezeksiyaları, Parodontitin cərrahi müalicəsi, selikli qişa xəstəlikləri, biopsiya, kistektomi əməliyyatları, tüpürcək vəzi əməliyyatları və s.
Eləcə də Stomatologiya sahəsi üzrə bütün xidmətləri (ortodontiya istisna).
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Ümumi götürsəm, mənə həm xəstələr, həm də həkimlər müraciət edir (ixtisasından asılı olmayaraq).
Xəstələrimin böyük hissəsi almanlar olsa da Almaniyada yaşayan azərbaycanlıların da stomatoloji və cərrahi xidmətlər üçün müraciətləri tez-tez olur. Son dövürlər müharibə səbəbindən Ukraynadan Almaniyaya köç edən azərbaycanlılar üstünlük təşkil edir çünki dil bilikləri yetərsiz olduqları üçün öz həkimlərimizə ehtiyac duyurlar. Almaniyada yaşayan azərbaycanlılarımız arasında böyük istək olduğu üçün ilk dəfə Almaniyadakı həkimlərimizin (həmçinin Stomatoloqlarımızın) siyahısını tərtib edərək onların istənilən ixtisas üzrə müraciətləri edə bilmələri üçün şərait yaratdım. Qeyd edim ki, bu siyahıdan yararlanan Avropada yüzlərlə həmvətənlilərimiz var.
Mənə müraciət edən həkimlər/stomatoloqlar isə əsasən Azərbaycandan olan və Almaniyada fəaliyyət göstərmək istəyənlərdir. Qeyd edim ki, 2019cu ildən həkimlərimizin Almaniyada praktika keçməsi, ixtisaslaşması və fəaliyyət göstərməsi üçün təmənnasız köməklik göstərirəm. Bununla bağlı sosial şəbəkələrdə qruplarım, məlumatlandırıcı videolarım və məqalələrim mövcuddur. Bugün 40 nəfərin üzərində həkimimizin bürokratik və imtahan mərhələlərini bitirərək Almaniyada tam fəaliyyətə başlamasında təcrübə mübadiləmiz sayəsində nail ola bilmişik. Məqsədim Almaniya səhiyyə təcrübəsini Azərbaycanda tətbiq etməkdir.
- Xarakter olaraq necə birisiniz?
- İşimdən və yaşadığım cəmiyyətdən irəli gələrək həddindən artıq məsuliyyətli biri olduğumu çox rahatlıqla deyə bilərəm. Əlbəttə, mənim də xarakterimdə çatışmayan çox nüanslar var. Hər kəsə qarşı dürüst davranmaq və verdiyim sözlərin arxasında durmaq kimi prinsipim var.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir həkim olaraq nəyə " yox " deyirsiniz?
- Uşaqlarının ağız gigiyenasına məsuliyyətsiz yanaşan valideynlərə “yox” deyirəm. Uşaqlarını yalnız ağrı zamanı Stomatoloji müayinəyə aparan valideynlərin öncə özünün tibbi maariflənməyə ehtiyacı var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dişlərinizlə bağlı heç zaman ümidsizliyə qapılmayın çünki müasir Stomatologiyada bugün xəstələrin estetik və funksiyanallıq baxımından arzularını reallaşdırmaq üçün çox effektiv yollar mövcuddur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər müasir klinikalarda və professional kollektivlərlə bir yerdə çalışacam.
Əlaqə nömrəsi: +491632135339
instagram: za.parviz_rahimli