Radioloq Hürü Rəhimova: "Həmin günü özümə bağışlaya bilməmişdim"
- Hürü xanım, necə oldu ki, həkim oldunuz?
- Mən heç vaxt həkim olmaq istəməmişəm. Hüquqşünas olmaq istəyirdim. Anam həkim olmağımı istəyirdi. Atamın da xasiyyətini nəzərə alıb həkim oldum ( gülür)
- Artıq neçə ildir ki, həkim olaraq fəaliyyət göstərirsiniz?
- Artıq on altı ildir ki, bu sahədəyəm.
- Bu on altı il ərzində nə müşahidə etdiniz?
- Mən əvvəl oxumaq istəmirdim. Marağım yox idi. Tibb Universitetinə daxil oıduqdan sonra fərqinə vardım ki, mən hara daxil olmuşam. Bu işdə anamın əziyyəti çox olmuşdu. Ona görə də, onu qucaqlayıb öpdüm. Mən ixtisasca terapevtəm. Universiteti bitirdikdən sonra dövlət xəstəxanasında çalışmağa başladım. Sonra ixitsasımı dəyişdim. Həkimliyin çətin peşə olduğunu bilirdim. Bildiyim kimi də oldu. Elə bir günümüz yoxdur ki, həmin gün nəsə oxumayaq. O ki qaldı pasientlərdən gözləntilərimizə, hər xarakterli insanla rastlaşırıq. Çalışırıq ki, onları olduğu kimi qəbul edək. Hər bir pasientə bacardığımız qədər kömək edirik.
- Hər bir həkimin öz işləmək prinsipləri var. Sizdə necədir?
- Protokolda ultrasəs müayinə qaydaları göstərilib və biz o qayadalardan kənara çıxmırıq. Bəzən isə kənara çıxmağa məcbur oluruq.
- Ağ xalatsız necə birisiniz?
- Mən çox həsass bir insanam. Xətrimə dəymək asandır. Prinsipialam. Hansısa məsələdə yolumu kəsəndə mütləq bir yol axtarıb istədiyimə çatmalıyam.
- Ailə həyatı ilə bu iş alınırmı?
- Çox çətin olsa da, alındırmağa çalışırıq (gülür).
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasientdə hansısa bir xəstəliyi aşkar edib, lakin ondan gizlətməyə "yox" deyirəm. Çünki nə var, onu demək lazımdır ki, pasient də özü işini bilsin.
- Sizi narahat edən məqam nədir?
- Tibb sahəsi günbəgün yenilənir. Öyrəniləsi məlumatlar çoxdur. Bilmək isyədiyim çox şey, oxumaq istədiyim çox kitab var. Amma onların hamısına zamanım çatacaqmı? Bax, ondan çox narahatam.
- Nədən qorxursunuz?
- Bir insan kimi nə vaxtsa lazımsız olmaqdan qorxuram.
- Hələ də unuda bilmədiyiniz bir pasientiniz varmı?
- Bəli, var. Bir valideyn gəlmişdi. Dedi ki, uşağım çox pis haldadır, dayana bilmir. Mən də ondan növbə gözləməsini xahiş etdim. Növbəsi çatanda gəldi və artıq uşağın rəngi sapsarı idi. Mən onu müayinə edəndə dalağını tapa bilmədim. Partlamışdı. İdman yarışlarında zədələnmişdi. Onu əməliyyat üçün birbaşa xəstəxənaya göndərdim. Hətta əməliyyat stoluna çıxanda artıq özündən getmişdi. Həmin anı özümə bağışlaya bilməmişdim. Amma həqiqətən də vəziyyətin nə qədər ciddi olduğunu bilmədiyim üçün onu gözlətmişdim. Həmin hadisədən beş-altı il keçib. İndi də uşağın valideynləri hərdən məni görməyə gəlirlər.
- Mənim ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün atamı itirərəm...
Həkimlə əlaqə: (050) 5082388