Stomatoloq Könül Cəfərova: “Ağlıma gəlməzdi ki, pasientlərimin əvəzolunmazı olacağam”
- Könül xanım, necə oldu ki, həkim oldunuz?
- Əslində hüquqşünas olmaq arzusundaydım, atamın istəyi və təkidi ilə, Azərbaycan Tibb Universitetinə qəbul oldum və bu günkü gün həkim olmam üçün israrcı davranan valideynlərimə minnətdaram. Qeyd edim ki, anamın davamçısı olduğuma görə qürur duyuram”.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ilə yaxındır ki, bu sahədəyəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənə müraciət edib sağlamlığını etibar edən pasientlərimin güvənini boşa çıxartmamaq əsas iş prinsipimdir,bunun üçün gecə-gündüz öz üzərimdə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Diş cərgəsindəki əyriliklərin, dişləmdə olan pozulmaların, çənə anomaliyalarının və s.xüsusi ortodontik aparatlarla müalicəsi ilə məşğulam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Pasientlərin ortodonta müraciət etmələrinin əksər hallarda ilk səbəbi estetikadır yəni, inamla gülümsəyə bilməmək. Digər səbəblər arasında əyri dişlər, çənələrin anormal inkişafı, ağız funksiyalarından: çeynəmə, udma və nitq problemləri, gicgah-çənə oynağı disfunksiyası yer alır.
- Xarakter olaraq necə birisiniz?
- Əslində xarakter həyatda qazanılmış davranış formasıdır.Heç kim anadan tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya xudbin doğulmur. Ona görə demək ki, misal üçün mən hər zaman mehriban biriyəm, bu kimsə üçün səmimi cavab deyil çünki, yerinə, zamanına və gördüyün münasibətə görə sənin də davranış forman dəyişə bilir. Sadəcə bunu deyə bilərəm ki, ALLAHDAN çox qorxan biriyəm, əlimdən gəldiyi qədər günah etməməyə çalışıram.
- Ailəlisinizmi?
- Məndən asılı olmayan səbəblərdən dolayı ayrılmışıq, sözü gedən evlilikdən 2 övladım var: anamın adını qoyduğumuz Mehriban və üçüncü imamımızın adını daşıyan Hüseyn.
- Bir həkim olaraq nəyə “yox” deyirsiniz?
- Sırf pul xatirinə ehtiyac olmadığı halda belə pasienti ortodontik müalicəyə sövq edən həkimlərə “yox” deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Cəmiyyət arasında belə bir səhv düşüncə yayılıb ki, ancaq bütün daimi dişlər çıxdıqdan sonra ortodonta müraciət edilməlidir. Əksər dişləm patalogiyaları daha erkən yaşlarda formalaşmağa başlayır. Məhz bu səbəbdən uşaqları 6-7 yaşından ortodont müayinəsindən keçirtmək lazımdır. Zamanında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısını alır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, nə vaxtsa pasientlərimin əvəzolunmazı olacağam.
Əlaqə nömrəsi: (055) 995 77 77