Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
- Şəbnəm xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Defektologiya fakultəsinə daxil olmuşam. İxisasımla ilk tanış olduğum müddətdən sevməyə başladım. Mənim üçün pedaqoji sahədə fərqli bir ixtisas idi. Çünki Defektologiya sahəsi həm pedaqoji, həm də tibbi yanaşma ilə, fiziki və əqli cəhətdən geri qalan insanların inkişafının psixofiziki xüsusiyyətlərinin, təhsil və tərbiyə qanunlarının öyrənilməsi ilə məşğul olan elimdir.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Defektologiya 4 sahədən ibarətdir. Mən üç sahə üzrə çalışıram: Loqoped, Surdopedaqoq, Oliqofrenopedaqoq. İnsanların nitqindəki qüsurları pedoqoji və tibbi yanaşma ilə (loqopedik masajlarla) korreksiya edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Nitqi qüsurlu insanların səlist, qüsursuz nitqə yiyələnmələri üçün çalışıram. Eşitmə məhdudiyyətli uşaqlarla mimika və jest dilindən istifadə edərək, nitqin inkişafı üzrə işləri icra edirəm. Həm uşaqlarla, həm də böyük yaşlı insanlarla işləyirəm.
Eşitmə məhdudiyyətli xüsusi internat məktəbində, həm də Narınc Uşaq Psixologiya mərkəzində çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olunur?
- Müxtəlif nitq qüsurlu insanlarla çalışıram. Autizm, Daun sindromu, alaliya, kəkələmə, afaziya, səs tələffüz pozulmaları, ümumi inkişaf ləngiməsi və s. Nitq inkişafının ləngiməsi və səs tələffüzünün pozulmaları daha çox aktualdır.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq seçici insanam. Ünsiyyətdə səmimiliyə, dürüstlüyə üstünlük verirəm. Dedi-qodudan, qeybətdən uzaq dururam. Qeyri səmi insanlarla sərhəd saxlayıram. Pozitiv, məqsədyönlü, istəklərimi həyata keçirməkdə prinsipial insanam.
- Bir loqoped olaraq nəyə "yox" deyirsiniz?
- Nitqində problemi olan insanların terapiyasının gecikdirilməsinə yox deyirəm. İşini düzgün icra edə bilməyən, qeyri peşəkarlara "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Övladlarınızla çox ünsiyyətdə olun, texniki əşyalardan bacardığınız qədər uzaq tutun. Əyani vəsaitlərlə uşaqlarınızı inkişaf etdirin oyunlar oynayın. Övladlarınızın davranışlarında fərqliliyi, nitqində nöqsanları görürsünüzsə vaxtında peşəkar mütəxəssislərə müraciət edin. Sağlam nitq insanın şəxsiyyət kimi formalaşmasında vacib şərtdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, işimin fanatı olacağam. Öz işimi çox sevirəm. Uşaqların və böyük yaşlı insanların səlist nitqə yiyələnməsi, valideyin təşəkkürləri mənə motivasiya verir.
Əlaqə nömrəsi: (050) 539 24 82