Ailə həkimi, terapevt Aidə Mirzəyeva: "Pasientə telefonla müalicə yazmağa "yox" deyirəm"
- Aidə xanım, necə oldu ki, həkim oldunuz?
- Mən terapiya ilə uzun müddətdir məşğul idim. Amma bizdə ailə həkimi bir o qədər də geniş yayılmayıb. Mən yalnız öz yaxın ətrafıma, qohumlarıma yardım göstərirdim. Lakin sonradan sırf ailə həkimi kimi fəaliyyət göstərməyə başladım. Qeyd edim ki, ixtisasca kardioloqam, farmakologiyadan elmi dərəcəm var.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On səkkiz ildir ki, bu sahədə çalışıram. Mən həm də pedaqoq kimi fəaliyyət göstərmişəm.
- Bu yolda hansı çətinliklərlə üzləşmisiniz?
- Bu peşəyə yiyələnmək üçün illərlə təhsil almışam, tibbin müxtəlif sahələri üzrə təhsil almışam. Hər sahədə çətinlik var...
- Bu sahəni digər sahələrdən fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
- Ən əsası vaxtınıza və pulunuza qənaət edirsiniz;
- Məsələn, angina vaxtı terapevt və lor arasında qalmırsınız. Üstəlik bir neçə problemi eyni anda müalicə edə bilirsiniz;
- Onlayn dəstək ilə müayinə və müalicə ola bilirsiniz;
- Bütün ailənizə vahid bir həkim baxmış olur. Bu da ailənizin bütün fərdlərinin məlumatlarının eyni həkimdə toplanmasına kömək edir və ailənizi mümkün xəstəliklərə dəqiq diaqnoz qoyaraq qorumağa yardımçı olur.
- Ailə həkimi hansı xəstələr və xəstəliklərlə məşğul olur?
Ailə həkimləri yalnız müalicə edən deyil, həm də xəstələrini xəstəliklərdən qorumağa çalışan həkimlərdir. Profilaktik tibb sahəsində ailə həkimləri körpə və uşaq izləmə və peyvənd tətbiqləri, ailə planlaması, hamiləlik təqibi, epidemiya və yoluxucu xəstəliklər zamanı ailə üzvlərinə məlumat verir və qoruyucu tədbirlərin görülməsini təmin edir, digər tibb sahələri ilə əməkdaşlıq edərək cəmiyyətin sağlamlığının qorunması işində fəal iştirak edir.
- Ailə həkimi yalnız diaqnoz qoyaraq həkimə yönləndirir, yoxsa həmdə müalicə edir?
- Ailə həkimi ona müraciət edən pasiyentləri ilkin olaraq müayinə edir, müalicə edir, lazımi profilaktik tədbirlər görür. Əgər ehtiyac olarsa aidiyyatı üzrə həkimə yönləndirir.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənə xəstə olmayan insanlar da müraciət edirlər. Məsələn, xanımlar daha gec qocalmaq və yaşlılıqdan yaranan fəsadların qarşısını almaq üçün müraciət edirlər. Ümumiyyətlə, bir ailə həkimi olaraq müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğul oluram. Amma öz sahəmə aid olmayan xəstəliklər olanda digər mütəxəssislərə yönləndirirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim və sakittəbiətli biriyəm. Amma əsəbiləşdiyim məqamlar da olur (gülür).
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasienti görmədən, müayinə etmədən ona telefonla müalicə yazmağa qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sağlamlığınız məsuliyyətsizliyi əsla əvf etmir. Dünyaya gələndə bizə dəyəri ölçülməyəcək sağlam bədən bəxş olunur. Onu qorumağa çalışmalısınız. Müntəzəm olaraq müayinə olunun. Erkən müdaxilə hər zaman daha faydalı və hesablıdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, zamanın tələbi ilə insanlar sağlamlıqları ilə yanaşı öz gözəlliklərinin də qeydinə qalmaq məcburiyyətində qalarlar.
Əlaqə nömrəsi: (051) 500 10 60