Dietoloq, nutrisioloq, sağlam qidalanma üzrə mütəxəssis Məleykə Muradova: "Sürətli arıqlamağa "yox" deyirəm"
- Məleykə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan bəri həkim olmaq, insanlara Allahın bəxş edəcəyi sağlamlığa vasitəçi olmaq arzum idi. Amma qansız, əməliyyatsız bir üsulla etmək istəyirdim bunu. Düşünsək ki, insan hətda ana bətnində formalaşarkən onun sağlamlığı ananın qidasından başlayır, fərdi inkişafının sonrakı mərhələlərində də genetik faktorlar istisna olmaqla, qalan bir çox xəstəliklərin bünövrəsində sağlam olmayan qidalanma durur, bugün dietoloq və nutrisioloq kimi insanlara düzgün qidalanma yollarını izah edərək, daha böyük xidmətlər göstərmiş və uşaqlıq arzuma çatmış oluram.
- Artıq neçə ildir bu sahədəsiniz?
- Demək olar ki, uzun müddətdir bu sahəyə maraq göstərir və araşdırmalar aparıram. Amma profesional dietoloq və nutrisioloq kimi fəaliyyətə bir neçə il öncə başlamışam.
- İş prinsipiniz nədən ibarətdir?
- Bəzən insanlar sırf arıqlamaq, artıq çəkilərdən azad olmaq uğruna sağlamlıqlarını təhlükəyə atır, sürətli çəki atma yollarını seçərək orqanizmlərinə böyük zərbə vurmuş olurlar. Mənim isə əsas iş prinsipim insanlara düzgün yol göstərərək, sağlam, qalıcı və müalicəvi arıqlama yollarını izah etmək, sürətli yox, sağlam arıqlamağa yönəltməkdir. Çünki arıqlamaq yalnız gözəl və estetik görünüş üçün deyil, həm də sağlam və gümrah həyat tərzi üçündür.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hər işin düzgün təşkili üçün öncə o işin xırdalıqlarını bilmək və həmin sahə üzrə istedadlı mütəxəssis olmaq çox vacibdir. Öz sahəm üzrə bacardığım qədər çox mütaliə edir, xarici və yerli mütəxəssislərin tədris etdikləri kurslarda, vebinarlar və seminarlarda iştirak edir, özümü inkişaf etdirirəm. Çünki insan daima öz üzərində çalışmalı, öz sahəsi üzrə tam profesional mütəxəssis olmalıdır. Qısacası, başqalarına məsləhətlər vermək və düz yol göstərmək üçün ilk öncə insanın özünün buna mənəvi haqqı çatmalıdır.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Əslində düzgün və sağlam qidalanma yalnız arıqlamaq istəyənlər üçün deyil, həm kökəlmək, həm hamiləlik zamanı sağlam körpə dünyaya gətirmək, həm övladlarının sağlam qidalanması üçün anaların düzgün menyu seçməsi, həm də bir çox xəstəliklər zamanı insanların pəhriz saxlayaraq müalicələrinə təkan vermək üçündür. Müraciətlər də müxtəlif olur. Bacardığım qədər hər kəsin özünə uyğun, fərdi yanaşma ilə sağlam qidalanmasına köməklik göstərməyə çalışıram.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq özünə rəva bilmədiyini özgəyə də rəva bilməyən insanam. Ona görə də sırf maddiyyat naminə pasiyentlərimizin sağlamlığını təhlükəyə atmağa heç vaxt razı olmaram.
- Ailəlisinizmi?
- Bəli. Ailəliyəm. Bu sahədə özümü inkişaf etdirməyimin əsas səbəbkarları da məhz ailəm və övladlarım olub. Çünki onların düzgün qidalanması və sağlam həyat tərzi mənim üçün çox önəmlidir. Onların xoşbəxtliyi mənim üçün stimuldur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq qəti şəkildə sürətli arıqlamağa "yox" deyirəm. Unutmayın ki, insan orqanizmi artıq çəkiləri bir həftəyə, bir aya deyil, uzun sürən qeyri-stabil qidalanma vərdişləri sayəsində illər ərzində toplayır. Uzun müddət ərzində bədəndə yığılan, illərin artıq çəkisini qısa müddətdə atmaq istəyənlər sağlamlıqlarını təhlükəyə atmış olurlar.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu gün texnologiya dövrüdür və informasiya bolluğu bəzən insanlar arasında çaşqınlığa səbəb ola bilir. Oxuculara məsləhətim budur ki, sosial şəbəkələrdən tapdıqları, sırf onlara məxsus olmayan, fərqli orqanizmlər üçün yazılmış pəhriz və dietalara özbaşına, kor-koranə meyl etməsinlər. Mütləq profesional mütəxəssisdən məsləhət alıb, özlərinə uyğun yazılmış sağlam qida rejiminə əməl etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, insanların bu sahədə köməyə belə çox ehtiyacı olar. Ağlıma gəlməzdi ki, insanlara göstərə biləcəyim köməklik onlara böyük və əvəzolunmaz sevinc bəxş edə bilər. İllərdir əziyyət çəkdikləri artıq çəkidən xilas olunan pasiyentlərimizin sevinci izaholunmazdır. Onlar itirmək üzrə olduqları fiziki sağlamlıqları ilə yanaşı, həm də mənəvi özgüvənlərini bərpa etmiş və psixoloji cəhətdən də müalicə almış olurlar.
Əlaqə nömrəsi: (55) 727 64 86