Fizioloq, diyetoloq, sağlam qidalanma üzrə mütəxəssis Pərvanə Qəhrəmanova: "Xaotik qidalanmaya "yox" deyirəm"
- Pərvanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Hər bir kiçik qız uşağı kimi, mənim də uşaqlıqdan arzum böyüdükdə həkim olmaq olub. Amma elə bir həkim ki, xəstələrə iynə vurmadan, qan görmədən onları sağaltsın. Orta məktəbdə oxuduğum vaxtlar bunun mümkünsüzlüyünü düşünsəm də, Azərbaycanda sağlam qidalanma və diyetologiya sahəsinə yaranan kütləvi tələbatın nəticəsində arzumu necə reallaşdırmalı olduğumu başa düşdüm. Bakalavr təhsilimi biologiya ixtisası üzrə, magistr təhsilimi isə fiziologiya ixtisası üzrə fərqlənmə ilə bitirmişəm. Magistr dissertasiya işimi “Rasional qidalanma və ona verilən fizioloji tələblər” mövzusunda, praktika işimi isə “Uşaqlarda ana südünün və hazır uşaq yeməklərinin üstün və çatışmayan tərəflərini aşkarlamaq” istiqamətində müvəffəqiyyətlə müdafiyə edib bu yolda irəliləməyə başlamışam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Universiteti bitirdiyim il qaynatamın ürəklə bağlı ciddi narahatlıqları oldu. Həkim müayinəsindən “verdiyin hər 5 kq ömrünü 1 il artıra bilər” diaqnozu ilə qayıtdı və biz 2011-ci il dekabrın 6-dan sağlam qidalanma sistemilə arıqlamaq qərarı aldıq. Bir neçə ay içində 20 kq çəki verib, şükürlər olsun ki,ürək narahatlıqlarından qurtulduq. 10 ilə yaxındır ki diyetoloq-sağlam qidalanma mütəxəsisi kimi fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Fəaliyyətə başladığım ildən etibarən ətraf mühitimdə tətbiq olunan diyetlərin sayı artdıqca artıq çəkili insanların da sayının artdığını müşahidə etdim və yanlış gedən məsələləri araşdırmağa başladım. Qaynatamla uğurlu əl işimiz, öncə qohumlar, sonra qonşular arasında təqdir görərək Naxçıvan MR –da diyetoloq kimi fəaliyyət göstərməyimdə stimul oldu. Diyetlərdəki yanlış məqamları aşkarlamağım məni “Regional və Rasional qidalanma sistemini”qurmağa sövq etdi.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Bu işə başladığım ilk illərdə daha çox artıq çəkili insanlarla işləyirdim. Hal-hazırda isə həm çəki azlığından, həm də çəki artıqlığından əziyyət çəkənlərlə işləyirəm. Bundan əlavə metobolik pozulmaların yol açdığı bir çox xroniki xəstəliklərin də sağlam qidalanma ilə aradan qaldırılması üçün müalicəvi qidalanma proqramları tərtib edirəm.
- İş prinsipiniz necədir?
- Yuxarıda da qeyd etdiyim kimi “Regional və Rasional qidalanma sisteminin “ qurucusuyam. Sistemin iş prinsipini açıqlayım. Artıq çəkili insan, öz bölgəsinin mövsümü nemətlərindən (diyetik və ya qeyri diyetik) məhrum qalmadan, ağız dadına, bölgəsinə, büdcəsinə, həyat tərzinə uyğun yazılmış bir qidalanma proqramı ilə, doyunca yeyərək, işgəncə çəkmədən, arıqlamağı öyrənərək arıqlayır. Bundan gözəl nə ola bilər?!
- Xarakter olaraq necə birisiniz?
- Ümumi götürdükdə mülayim biriyəm. Bu xarakter yazdığım qidalanma proqramlarında bol çeşidliliyə və müəyyən qədər sərbəstliyə, dolayısı ilə də ətrafımdakı insanların diqqətini cəlb etməyimə kömək edib. Amma bəzən vəziyyətdən asılı olaraq sərt çıxışlarım da olub, düşünürəm ki, müraciət edənlərin stabil münasibətdən ətalətə düşməməsi üçün ara sıra sərtliklər də lazım olur.
- Bir diyetoloq olaraq nəyə “yox” deyirsiniz?
İnsanlara tez-tez “yox” deyərək onları çərçivəyə salmağı sevmirəm, amma, nə istədiyini və nə yediyini bilmədən xaotik qidalanmaya “yox” deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Hər bir iş kimi bu işin də çox çətinlikləri var. Xüsusilə də mənim kimi bir diyetoloq üçün. Çünki işlədiyim hər bir insanla şənbə və bazar günləri də daxil olmaqla həftə içi hər gün əlaqə saxlayaraq gündəlik qidalanmaları ilə bağlı hesabat alıram. Şəxsi həyatımın işimə, işimin də şəxsi həyatıma maneçilik törətməməsi üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.
- Tələbələriniz varmı?
- Bəli, var. İşlədiyim hər bir şəxs mənim tələbəmdir. Çünki onlara öz bədən dillərini, maddələr mübadiləsinin xarakterini öyrədərək arıqlamaqlarını təmin edirəm. Əgər bir insan nədən kökəldiyini və nədən arıqladığını bilərsə, o heç bir diyetoloqdan və heç bir diyetdən aslı qalmaz. Ətrafındakı artıq çəkili insanlara da faydalı məsləhətlər verərək onların da ideal çəkilərinə və sağlamlaqlarına qovuşmasında mühüm rol oynaya bilər. Bunu edə bilən hər bir tələbəm məni çox sevindirir. Mənim hədəfim də budur: unudulmuş sağlam qidalanmanı cəmiyyətimizdə yenidən formalaşdırmaq.
- Sizi narahat edən nədir?
Məni narahat edən vaxt azlığına görə limitli sayda insanlarla işləmək və daha az insana fayda verməkdir. Amma Allahın köməyilə daha böyük kütlələrə xitab edəcək faydalı bir kitab yazaraq bu narahatçılığımdan qurtulacağımı ümid edirəm.
- Görmək istədiyiniz amma görə bilmədiyiniz məqam hansıdır?
- Məsələlərə stəkanın dolu tərəfindən baxmağa çalışıram.
- Oxuculara nə məsləhət görürsüz?
- Oxuculara və özümə Allahın ilk əmri olan “oxu” əmrinə riayət etməyi məsləhət görürəm. İnsan özünü oxuyarsa və tanıyarsa ətraf aləmi də oxuyar və tanıyar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, ...bu fikri özünüz tamamlayın.zəhmət olmazsa
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, nə vaxtsa belə bir müsahibə verməli olacağam.
Əlaqə nömrəsi: (055) 566 77 05