Estetik uzman Gülsüm Əliyeva: “Bir gün nə vaxtsa yorulacağımdan qorxuram”

Estetik uzman Gülsüm Əliyeva: “Bir gün nə vaxtsa yorulacağımdan qorxuram”

– Gülsüm xanım, necə oldu ki, həkim olmaq, həm də estetika üzrə mütəxəssis olmaq kimi ciddi bir peşəni seçdiniz?

– (gülümsəyir) Mən 17 yaşımdan tibb sahəsində xidmətə başlamışam. İlk iş yerim dövlət tibb müəssisəsi olub. Tələbə idim, maliyyə ixtisası üzrə təhsil alırdım və paralel olaraq işləyirdim. İş vaxtı həkimlərlə ünsiyyətdən zövq alırdım. Onların ağ xalat geyinmələri, həmişə səliqəli və baxımlı olmaları diqqətimi çəkirdi. Beləcə arzularım və istəklərim özümdən asılı olmayaraq dəyişdi. Mən də həkim olmaq qərarına gəldim. Lakin bu istəyimi valideyinlərim dəstəkləmirdilər. Çətin peşədir, gecəsi gündüzü yoxdur deyirdilər. Qismət elə gətirdi ki, ailə qurduğum insan alicənab və anlayışlı olduğu üçün, istəklərimi normal qəbul etdi və məni dəstəklədi. Lakin bir məsələ varidi ki, həyat yoldaşım xaricdə işləyirdi və buna görə də mən Azərbaycanda qala və təhsil ala bilməzdim. Ona görə də, ikinci ixtisas olaraq tibb təhsilimi xaricdə davam etdirərək həkimlik peşəsini yiyələndim. Ölkəmizə qayıtdıqdan sonra Azərbaycanda estetik klinikalar şəbəkəsi yaratdıq. Məqsədimiz ölkəmizdə bu sahəni inkişaf etdirmək, düzgün xidmət göstərmək və Azərbaycanda icra olunmayan prosedurları ilk olaraq icra etməklə ilklərə imza atmaq idi. Çox böyük zəhmətdən sonra buna nail olduq. 2013-cü ildə VMR Tibb Şirkətini qurduq. Hal-hazırda VMR Estetik brendi demək olar ki inkişaf etmiş bir çox ölkələrdə tanınır. Ölkəmizdə isə, Bakıda, Lənkəranda və Gəncədə fəaliyyət göstəririk. İnşallah yaxın gələcəkdə Tiflisdə növbəti fialialımızı açmağı planlaşdırırıq.

– Çox maraqlıdır, xeyirli uğurlu olsun. Bəs bu işlərə başlayarkən sizə hər hansı bir dəstək oldumu?

– Mənim hər bir işimdə dəstəyim həyat yoldaşımdır. Yalnız onun dəstəyi ilə mən öz seçimimi daha da inkişaf etdirirəm və yeni yeni uğurlara imza atıram. Biz indi də bir yerdə çalışırıq və işimizdən zövq alırıq. Artıq beş ildir ki, fəaliyyət göstəririk. Bu işdə peşəkarıq. Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycanda ilk saç əkimini biz icra etmişik. Rəsmi dövlət qeydiyyatına alınmış ilk və yeganə Saç Əkimi Mərkəzi də bizimdir, VMR Şirkətlər Qrupuna daxildir.

– Siz özünüz hansı prosedurları həyata keçirdirsiniz?

– Təvazökarlıqdan uzaq olsa da, diqqətinizə çatdırmaq istəyirəm ki, əməliyyatsız estetik sahəyə aid olan bütün kosmetoloji prosedurları yüksək peşəkarlıqla icra edirəm. Dodaq şəkilləndirmə və dodaqlara həcm vermə isə mənim hobbimdir. (gülümsəyir)
Prosedurları təkcə Bakıda deyil, bütün klinikalarımızda, o cümlədən Lənkəranda və Gəncədə də həyata keçirdirəm. Hələ ki, yorulmadan çalışıram. Amma bir gün nə vaxtsa, yorulacağımdan qorxuram (gülür).

– Gülsüm xanım, elə insanlar var ki, bildiklərini kimsəylə bölüşmək istəmirlər. Hər kəsi özlərindən asılı saxlamağa üstünlük verirlər. Bəs siz necə, müraciət edənlərlə öz bildiklərinizi bölüşürsünüzmü? Tələbələriniz varmı?

– Ümumi yanaşsaq deyərdim ki, hər yaşda nəyisə öyrənməyə ehtiyac var. Öyrənmək nə yaşa, nə mövqeyə, nə maddi imkana baxmaz. Nə qədər naliyyətlərim olsa da, öyrənməyə və öyrətməyə üstünlük verirəm. Həyat davam edir, elm inkişafdadır. Nə yaşamdan, nə inkişafdan geri qalmaq olmaz. Amma bununla bərabər, birilərinin əlindən tutub yeriməsinə kömək etmək də lazımdır. Biz şirkət olaraq, daima əhalinin və sektorda çalışanların maarifləndirilməsinə üstünlük veririk. Onu da qeyd edim ki, VMR Tibb Şirkəti olaraq bizim verdiyimiz sertifikat və diplomlar beynəlxalq dərəcəlidir. Bu qədər bazanın qarşılığında tələbələrim omazı, bəli, əlbətdə tələbələrim var. Tələbələrimdən artıq bir neçəsi sərbəst çalışmağa başlayıb.

– Bu yaxınlarda kitabınız işıq üzü gördü. Məqsədiniz nə idi kitab yazmaqda?

– Bu kitab deyildi əslində sadəcə pasiyentlərim üçün tövsiyyə xarakterli yaddaş büraşürü idi. Məqsədim yenə də maarifləndirmə oldu. Amma bu dəfə konkret prosedurlardan yazdım. Bütün kosmetoloji prosedurları tək-tək izah etdim və çalışdım ki, dəyərli pasiyentlərim prosedurdan sonra özləri özlərinə qulluq etməkdə çətinlik çəkməsinlər.

– Elə pasientləriniz olubmu ki, onları etmək istədikləri prosedurlardan yayındırasınız?

– Dəfələrələ olub. Elə pasiyentlər var ki, maddi imkanı yüksək səviyyədədi və istənilən proseduru etdirə bilər. Amma mən heç vaxt bəziləri kimi belə pasiyentlərimə pul kimi baxmamışam. Öncə müayinə edirəm, sağlamlığının yerində olmasını aydınlaşdırıram. Elə hallar yaranır ki, hansısa proseduru etsək, bu pasiyentimizi gözəlləşdirər, amma sağlamlığına ziyan vurar. Onda mən dərhal vəziyyəti izah edirəm və xəstəni sarsıtmamaq üçün yumuşaq formada ona hansısa prosedurun ehtiyac olmadığını bildirməklə fikrindən yayındırmışam. Bizim üçün ən önəmlisi öncə sağlamlıqdır. Biz pasiyentlərimizə sağlam gözəllik bəxş etmək istəyirik. “Gözəllik qurban tələb edir” fikrini qəbul etmirəm. Bu qeyri peşəkarların əsaslandığı fikirdir.

– Son zamanlarda sizə ən çox nə ilə bağlı müraciət olunur?

– Daha çox dodaq dolğusu ilə bağlı müraciətlər olur. Amma onu deyim ki, dodaq dolğusunu tətbiq edənlər də çoxdur. Bəziləri onu elə icra edirlər ki, nəticədə pasientin dodağı yararsız vəziyyətə düşür, və ya ən yaxşı halda ördək “dodağına” oxşayır. Ona görə də kənardan baxanlarda estetikaya qarşı mənfi fikirlər formalaşmağa başlayır. Məsələn, deyirlər ki, filankəs dodağını şişirtdirib. Ümumiyyətlə, bu məsələdə həkimlikdən başqa, zövq və fantaziya lazımdır. Eyni zamanda da, istifadə olunan məhsul keyfiyyətli olmalıdır. Sosial şəbəkələrdə elə paylaşımlara rast gəlirəm ki, bəziləri fotoshopla pasientləri aldadırlar. Nəticə etibbarilə, pasient uğursuz prosedurdan sonra çarəsiz vəziyyətdə bütün həkimləri gəzir. Mən şəxsən belə pasientləri qəbul etmirəm. Çünki artıq belə hallarda yalnız estetik cərrahın müdaxiləsinə zərurət yaranır. Bir sözlə, həkim seçərkən diqqətli olmaq lazımdır və həmin həkimə inanmaq lazımdır.

– Dodaqdan əlavə, sinə, ayaq, çanaq dolğuları da var ki, bəzən xanımlar bundan həddindən artıq dərəcədə istifadə edirlər. Bu barədə nə demək istərdiniz?

– Ümumiyyətlə, insanlar müasirləşdikcə bu prosedurlara daha çox əl atırlar. Mən də elə insanların bədən quruluşlarını görəndə heyrətə gəlirəm ki, nə gözəldir?! Əgər maddi imkanı varsa, niyə də olmasın?! Əvvllər bu prosedurları əməliyyatla edirdilər. İndi isə dolğularla etmək mümkündür. Əgər bir xanımın sinəsi düzdürsə, yaxud ayaqları əyridirsə, bu, onda xanım olaraq özündə güvənsizlik və kompleks yaradır. Bu baxımdan, belə estetik dəyişikliklər normaldır. Dəfələrlə olub ki, mən kompleks yaşayıb ətək geyinə bilməyən xanımlara iyirmi dəqiqəlik prosedur etməklə onları həmin kompleksdən azad etmişəm. O ki qaldı dolğulardan aşırı dərəcədə istifadə olunmasına, bəli, razıyam. Aşırı dərəcədə dolğulardan istifadə olunması insanlarda estetikaya qarşı mənfi münasibət formalaşdıra bilər.

– Sizcə, bir xanımı cazəbədar göstərən onun hansı bədən üzvüdür?

– Ayrı ayrılıqda heç bir bədən üzvünün gözəlliyi önəmli sayılmır. Gözəllik başqa bir məhfumdur. İnsanın saçının düzümündən rəngindən tutmuş, ayaqlarına qədər bütün bədən üzvüləri bir birini tamamlamalıdır. Necə deyərlər, təpədən dırnağa qədər. (gülümsəyir) Mən öz subyektiv fikrimi demək istəyirəm. İlk növbədə dəri və dişlər gözəl olmalıdır. O zaman sadə geyim geyinsəniz də, gözəl və təravətli görünəcəksiniz. Bundan başqa, sinə, ayaq və çanağın gözəl olması xanımda özünə güvən yaradır və onu cazibədar göstərir. Amma həddini aşmamaq şərti ilə. Soruşa bilərsiniz ki, bəs estetik prosedurlar etmək üçün maddi imkanı olmayanlar nə etsinlər? Şərt deyil ki, bədənin bütün üzvləri gözlə olsun, şərt deyil ki, model kimi görünək. Ən azından saçımız, dərimiz, dişlərimiz, dırnağımız, üst-başımız və s. təmiz olsa, yenə də gözəl görünə bilərik.

– Özünüz hansısa bir dolğudan istifadə etmisinizmi?

– Yalnız dodaq dolğusundan yararlanmışam. Başqa heç nə. Bir də ki, burnumu əməliyyat etdirmək fikrim var. Lakin qan azlığına görə üç dəfə əməliyyatdan qayıtmışam (gülür).

– Son olaraq, oxuculara nə məsləhət görərsiniz?

– Demək istəyirəm kİ, həm xanımlar, həm də bəylər özlərinə diqqət etsinlər. Gözəlliklərini və sağlamlıqlarını qorusunlar. Ən əsası, özləri özlərinin həkimi olsunlar. O zaman hər şey yaxşı olacaq.

Estetik uzman Gülsüm Əliyeva: “Bir gün nə vaxtsa yorulacağımdan qorxuram”
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*