“Mərmər soyuğu” Kottbus Beynəlxalq Film Festivalında göstəriləcək
“Mərmər soyuğu” bədii filmi 7-12 noyabr 2023-cü il tarixlərində Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Kottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.
“Azərbaycanfilm” kinostudiyasından verilən xəbərə görə, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.
Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.