Bakı metrosunda teatr bayramı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən “Hər yerdə teatr” layihəsinə start verilib.
Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.
Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.