ŞƏHİD MUSAYEV ELŞƏN HÜSEYN OĞLU
Musayev Elşən Hüseyn oğlu 1988-ci il 21 iyunda Ağsu şəhərində zəhmətkeş bir ailədə doğulmuşdur. 1994-cü ildə Ağsu şəhərinin 3 saylı orta məktəbində ilk təhsilini almışdır. 2005-ci ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşür. 2006-cı ilin oktyabr ayında hərbi xidməti başa vurub evə qayıdır. 2012-ci ilin iyul ayında ailə qurur. Ailə qurduqdan bir müddət sonra Bakıya yola düşür. Çevik mühafizə xidmətində mühafizəçi işləyir. Vətən sevgisi Elşəni hərbçi olmağa sövq edir. Belə ki, Elşən 2014-cü ildə öz arzusuna çatır. N saylı hərbi taborda çalışmağa başlayır. İş bacarığını nəzərə alıb onu 3-cü bölüyə rəhbər təyin edirlər. 2020-ci il 27 sentyabrda 2-ci Qarabağ Vətən müharibəsinə yola düşür. Oktyabrın 2-də sol qolundan qəlpə yarası alır. Bir neçə döyüş yoldaşlarının şəhirdliyinə şahid olur. Yoldaşları onun hospitala getməsini xahiş etsələr də Elşən getmir. Sonra Füzuli rayonunun Alxanlı kəndində döyüşə girirlər. 6 oktyabrda döyüşə girən Elşənin yarası daha da ağırlaşır. Ancaq o, yarasına məhəl qoymur. Döyüş yoldaşları üçün narahatlıq keçirir. Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Elşən Musayev oktyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhir olur. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn olunur. Üç övladı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasınin Prezidenti Ali Baş Komandan İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elşən Musayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Vətən uğrunda canını fəda edən vətən övladı əslində ölmür, əksinə ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan da yüksək ucalıq ola bilərmi?!
Vətən torpağının ucalığında,
Millətin qəlbində qaldı şəhidlər!
Ölümün gözünə dik baxa-baxa,
Ölümə qələbə çaldı şəhidlər.
Eldar Qafarov