Azərbaycanlı diplomat Azər Xudiyevə Ukraynadan yüksək ETİMAD — FOTO
Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bu ölkənin Maliyyə Nazirliyi nəzdindəki Dövlət Fiskal Xidmət Universiteti rektorunun beynəlxalq əməkdaşlıq məsələri üzrə müşaviri təyin olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fiskal Xidmət Universitetinin internet səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, 2021-ci ilin mart ayından etibarən sözügedən təhsil ocağında beynəlxalq əməkdaşlıq məsələri üzrə rəhbərlik azərbaycanlı diplomat Azər Xudiyevə həvalə olunub.
Eyni zamanda Azər Xudiyev Ukrayna Dövlət Fiskal Xidmət Universitetinin Beynəlxalq hüquq və müqavilə kafedrasında geosiyasət və beynəlxalq hüquq mövzuları üzrə daimi mühazirəçidir.
Universitetin rəsmi saytında qeyd olunur ki, bu yaxınlarda Ukrayna Dövlət Fiskal Xidmət Universitetində onlayn formatda beynəlxalq hüquq üzrə master-klass keçirilib.
Universitetin Beynəlxalq Hüquq kafedrasının elmi-pedaqoji heyəti, Tələbə Elmi Cəmiyyətinin üzvləri tərəfindən təşkil edilən tədbirdə 2016-2020-ci illərdə Azərbaycanın Ukraynadakı səfiri olmuş Azər Xudayar oğlu Xudiyev tərəfindən "ustad dərsi" keçirilib.
Çıxış edən Azər Xudiyev beynəlxalq hüququn aktual məsələlərindən danışıb, dövlətlərin birgə və koordinasiyalı fəaliyyəti zamanı təbii sərvətlərdən səmərəli istifadə, elmi-texniki proqramlar, məlumat və ticarət mübadilələri, ekologiya və təhlükəsizlik məsələləri müzakirə edilib.
Görüşün sonunda həm maraqlı söhbət üçün, həm də yüksək pedaqoji və elmi fəaliyyətinə görə, Azər Xudiyevə Universitet heyəti adından təşəkkür edilib.
Qeyd edək ki, Ukraynanın bir çox dövlət adamları və ictimai xadimləri, tanınmış siyasətçiləri və hüquqşünasları Ukrayna Dövlət Fiskal Xidmət Universitetinin məzunlarıdır.
Xatırladaq ki, bu il Ukrayna Dövlət Fiskal Xidmət Universitetinin yaradılmasının 100 illiyi tamam olur.