HƏLƏ BU DÜNYADA İKƏN CƏNNƏT QOXUSU VERƏN ŞƏHİD-RƏSMAN HƏMİDOV!
Artıq 44 günlük Vətən Müharibəsinin 2-ci ili tamam oldu. Bu iki il ərzində demək olar ki, hər gün, hər dəqiqə, hər saniyə bu zəfərdən, bu zəfər uğrunda canından keçən şəhidlərdən, sağlamlığından keçən qazilərdən,xalqın,elin birliyindən danışılır və illər sonra da danışılacaq. Çünki bu zəfər adi bir qələbə, sıradan biq qalibiyyət deyildi. 30 ilin torpaq həsrətinə son qoyulması, yadellilərin tapdağı altında qalan yurdumuzun utancının bitməsi və eləcə də, bu torpaq uğrunda canından keçən şəhidlərimizin qisasının alınması demək idi. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu,xalqımızın böyüklüyüdr. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Şəhidlik adi ölüm deyil. Vətənə məhəbbət zirvəsidir. Şəhidlik VƏTƏN,TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə
qurban vermək deməkdir. Şəhidlik –verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Bu gün Vətən torpaqları uğrunda qəhrəmancasına canından keçən daha bir şəhidimizin həyat hekayəsini öyrənəcəyik.
Rəsman Mərdan oğlu Həmidov 1998-ci ildə Şamaxı rayonunun Adnalı kəndində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri 320 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə Rəsman 9-cu sinfi bitirib Cəmşid Naxçıvanski adına liseyə daxil olur.2015-ci ildə liseyi əla qiymətlərlə bitirib Hərbi Akademiyaya daxil olur.2019-cu ildə Hərbi Akademiyanı müvəffəq qiymətlərlə bitirib leytenant rütbəsi alır. Onu təyinatla Beyləqan rayonunun N hərbi hissəsinə göndərirlər.Xidmət etdiyi müddətdə nümunəvi davranışı ilə hərbçi yoldaşları arasında hörmət qazanmışdır.O,ikinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə olmuşdur.2020-ci ilin sentyabr ayının 27-si Rəsman Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur və 30 dan artıq hərbişilərimizi dəqiq koordinat çəkərək mühasirədən qurtarır. Döyüş vaxtı baş leytenant rütbəsi alır.Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.O,doğulduğu kənddə torpağa tapşırılır.
Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə baş leytenant Həmidov Rəsman Mərdan oğlu “Vətən uğrunda” və “Cəbrayılın alınması”medalları ilə təltif olunmuşdur.
Sonda deyəcəyimiz söz: -Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi.Şəhid anası min bir əziyyətlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub ,göz yaşlarını ovundurmağa çalışır,- “Təki Vətən sağ olsun”-deyir.Gənc övladını torpağa tapşıran ,heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”,-deyir.
Səninlə fəxr edirik, Azərbaycan zabiti, şərəflə qorudun Vətəni.
Ətir saçaraq hələ bu dünyada ikən cənnətin ətrini duyan və sevən Rəsmanı cənnətin qoxusu daha çox cəlb etdi və o,şəhidlik zirvəsinə yüksələrək ,
cənnətdəki ətrinə büründü.
Şəhadətin mübarək,cənnət ətirli ŞƏHİDİM !
ELDAR QAFAROV
xüsusi müxbir