Başında qəlpə gəzdirən qazi: 2 ildi əlillik ala bilmir
Atası Mikayıl Quliyevi dinləyək: “Səkkiz gün İsadan xəbərimiz olmadı. Nə öldüsünü bildik, nə qaldısını. Müharibə bitəndən 6 gün sonra yaralandığını xəbər verdilər. Bundan sonra 6 ay hospitalda müalicə olundu. Arayış verdilər ki, hərbi xidmətə yararsızdır. İndi başlı-başına buraxıblar, nə maraqlanan var, nə problemi həll edən...”
Bildirək ki, İsanın atası Mikayıl Quliyev birinci Qarabağ müharibəsinin iştirakçısıdır və o da İsa kimi veteran olaraq 80 manat təqaüd alır. İsanın dayısı birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən Müharibəsində 3 əmisi oğlu ilə birgə döyüşüb. Əmisi oğlanlarından biri döyüşdə gözünü itirib...
Mikayıl Quliyev Füzulidə, Haramı düzündə yaşayır. Maldarlıqla məşğul olan quliyevlər çiy kərpicdən tikilmiş daxmada yaşayır.
Mikayıl Quliyev deyir ki, İsanın başında və ayağında olan qəlpələri çıxarmaq mümkün deyil. Başındakı qəlpə yuxu arteriyasının yanındadır. Qəlpə İsaya ağrılar verir və əsəblərinə çox pis təsir edir: “Qəlpə tərpənəndə başını soyuducuya salır. Gecələr çox ağır tutmaları olur. Bizim həyatımız zəhərə dönüb. Maraqlanan yoxdur...”
Ailənin əsas tələbi İsa Quliyevə əlillik dərəcəsinin verilməsidir. Lakin ƏƏSMN imtina edir. Sənədlərin qaydasında olmadığını bildirir: “Uşağı yarımcan edib atıblar üstümüzə. Hospital yazır ki, yararsızdır. Nazirlik də deyir ki, əlil deyil. Yaxşı, əlil deyilsə, işinə bərpa edin! Adam çəliksiz gəzə bilmir, başındakı qəlpə bütün sinirlərini xarab edib. Deyir elə bil başımda tank gəzir, özünü idarə edə bilmir. İndi də 10 gündən artıqdır xəstəxanadadır, nə olacaq bilmirik”.
Biz Füzulidə olanda İsa ilə görüşə bilmədik. Onu Beyləqana xəstəxanaya aparmışdılar və hələ nə qədər orada qalacağı bəlli deyildi.
Dərdli ata isə nə edəcəyini bilmir. Ağır şəraitdə böyütdüyü yeganə oğlu, 10 ildir Azərbaycan Ordusunda gizir kimi xidmət edən İsa xəstəxanada canı ilə əlləşir. Bəs ailə İsaya əlillik verilməsini nə üçün istəyir?! Əslində, onların tələbinin hədəfi veriləcək təqaüd də deyil. Atanı dinləyək:
“Biz İsanın başındakı qəlpənin çıxarılması üçün Türkiyəyə də müraciət etdik, rentgenləri, diskləri göndərdik. Cavab gəldi ki, biz bu qəlpəni çıxara bilmərik. Yaşat Fonduna müalicə üçün müraciət etdik. Amma oradan da cavab verdilər ki, biz yalnız əlillik alanların müalicəsini öz üzərimizə götürürük. Yaxşı indi biz nə edək? Öz imkanımız yoxdur. Bu iki ildə əlimizdə olanları da uşağın sağalması üçün xərclədik. Amma day tükənmişik. Əsəb, stress də bir tərəfdən. Heç olmasa əlillik verilsə, Yaşat Fondu müalicədə bizə dəstək olar. Yenə də deyirəm, əgər əlil deyilsə, işinə bərpa etsinlər. 10 ilə yetişdirdikləri bir döyüşçünü niyə yarımcan edib başlı-başına buraxıblar”.
Onu da qeyd edək ki, Quliyev İsa Mikayıl oğlu Prezident İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” , "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə "medalları ilə təltif olunub.
Mənbə: Yenisabah.az