Azərbaycan ordusu sərhəd bütövlüyümüzün qarantıdır
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər ordumuzun Zəfəri ilə başa çatdı.
Vətən müharibəsinə kimi əsgərlərimiz hərbi xidmətdə döyüş növbətçiliyini müqəddəs niyyətlə aparırdılar: Ali Baş Komandanın əmri ilə döyüşlər başlasın, döyüşək, işğalı sonlandıraq. Tərxis edilən əsgərlər təəssüflənərdilər: Qalib əsgərlərin sırasında olmayacağıq. Bu təəssüf də Vətənə sevgi idi. İndi belə təəssüflər yaşanılmır. Əsgərlər döyüş növbətçiliyini indi başqa müqəddəs amalla aparırlar: Sərhəd bütöblüyümüz qorunur!
Bu günlərdə gənc əsgərlər hərbi and içdilər. Bu, Vətənə, dövlətə, dövlətçiliyə sədaqət andı idi. Bu and Azərbaycanın xəritə bütövlüyünü heç bir qüvvənin poza bilməyəcəyinə içilən and idi. Güclü ordumuzun şəxsi heyəti yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Onlardan əvvəl xidmət edənlər, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dediyi kimi döyüşdülər, “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.
Bütün zamanlarda Azərbaycan ordusu sərhəd bütövlüyümüzün qarantı olub. Zəfərdən sonra şəxsi heyətin ruh yüksəkliyi müqəddəsliklə əhatələnib.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı