Şanlı tarixə malik Azərbaycan ədliyyəsi – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür

Şanlı tarixə malik Azərbaycan ədliyyəsi – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür

İşğaldan azad olunmuş ərazilərimizdə ədliyyə qurumları öz peşə fəaliyyətlərini uğurla icra edəcəklər

Azərbaycan dövlətçiliyinin inkişaf tarixində ədliyyə orqanlarının sabit fəaliyyəti təmin edilmiş və onun gələcək inkişafı, milli kadrların yetişməsi üçün əlverişli zəmin yaranmışdır. Ədliyyə Nazirliyinin mühüm bir qurum olaraq müstəqil hüquq siyasətinin formalaşmasında iştirakı isə, əlbəttə, Azərbaycanın XX əsrin sonunda yenidən müstəqillik qazanmasından və xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlamışdır.Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.

Ədliyyə Nazirliyinin yenidən yaradılması və onun təkmil bir struktur kimi formalaşması ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.Dahi rəhbərin ölkəmizin ədliyyəsinə qayğısı dövlət müstəqilliyimizi bərpa etdikdən sonra da davam etmişdir.Bu illər ərzində ədalət mühakiməsinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin tərkibində məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti təsis edilmiş, cəzaçəkmə yerləri və istintaq təcridxanaları nazirliyin tabeliyinə verilmiş, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə edilmiş, yeni yaradılmış bələdiyyələrlə işin aparılması və onlara metodoloji yardım göstərilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və s. məsələlər Ədliyyə Nazirliyinə tapşırılmışdır. Həmçinin məhkəmələrin maddi-texniki təchizatı üzrə müəyyən işlər görülmuş, bir sıra xarici dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilə və sazişlər imzalanaraq nazirliyin beynəlxalq əlaqələri genişləndirilmiş, yüzlərlə qanun və digər normativ-hüquqi aktların layihələri hazırlanmış, ekspertizalar keçirilərək müvafiq rəylər verilmiş, əhaliyə hüquqi yardım yaxşılaşdırılmış, dövlət qeydiyyatı fəaliyyəti geniş həyata keçirilmişdir.Heydər Əliyevin Azərbaycan Ədliyyəsinə göstərdiyi yüksək etimadın, xüsusi diqqət və qayğının bariz təzahürü ədliyyə işçilərinin peşə bayramı gününün müəyyən edilməsidir. Köklü məhkəmə-hüquq islahatlarının ilk illərində ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək bu məsələ Ədliyyə Nazirliyinin Kollegiyasının, Məhkəmə-Hüquq Şurasının müzakirəsinə çıxarılmış və 22 noyabrın – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliynin Əsasnaməsinin təsdiq edildiyi günün, ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün ulu öndərə müraciət olunması barədə qərar qəbul edilmişdir. 22 noyabrın Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən edilməsi barədə dahi öndər Heydər Əliyevin 11 noyabr 2000-ci ildə imzaladığı Sərəncam ədliyyə işçilərinə verilən ən yüksək qiymət olmaqla yanaşı, tarixi irsin qorunmasına xidmət etmişdir.

Azərbaycan müstəqillik yolu çox çətin sınaqlardan keçmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşmişdir. Ulu öndər məhz belə bir ağır dövrdə – 1993-cü ildə

müstəqilliyimizin itirilməsi ilə üz-üzə qalan xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və öz tarixi missiyasını yerinə yetirdi. Bu dahi şəxsiyyətin apardığı siyasət nəticəsində müstəqillyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin sarsılmaz təməli qoyuldu. Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin təşəbbüsü ilə başlanan hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq islahatları prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkədə həyata keçirilən effektiv hüquqi islahatları dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən cənab Prezident qısa dövr ərzində qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş və onun inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Möhtərəm Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi əsasları təkmilləşdirilmiş, 2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanun və nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli fərmanlar imzalanmışdır.

Həmçinin qeyd etmək istəyirəm ki, bugün sevincimizin həddi-hüdudu yoxdur. Xalqımızın nəhayət ki, 30 illik həsrətinə son qoyuldu.Ölkə Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi. Gücsüz və acizkar Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi. 30 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımıza qürur və şərəf hissi yaşatdı. Belə ki, bu zəfərlə Dağlıq Qarabağın Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olduğu bir daha öz təsdiqini tapdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir. “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” – deyən Ali Baş Komandan vədinə əməl etdi. Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini xalqa elan edərək həyatımıza gətirdiyi qürur, sevinc bütün tarixə dolan fəxarət hissidir, ömrümüzü bəzəyən, dövlətimiz var olduqca bizimlə birgə əbədi olacaq xoşbəxtlikdir.

Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. 28 ildir sinəmizdə qövr edən Şuşa yarasına məlhəm qoydu. Hər birimizə sözlə ifadə edilməsi mümkünsüz olan sevinc payı bağışladı.

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə və onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi.

Azərbaycan Prezident cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciətində demişdir:”Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir”.

Vətən müharibəsində qazanılan parlaq qələbə, işğalçı Ermənistanın tam şəkildə kapitulyasiyaya uğradılması azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Əlbəttə, müharibənin qələbə ilə başa çatmasını şərtləndirən bir sıra fundamental amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.Vətən müharibəsindəki parlaq qələbəmizin mənbəyində dayanan əsas amillərdən biri isə cəmiyyətimizin monolitliyi və həmrəyliyidir. Ölkəmizdəki güclü Prezident-xalq-ordu vəhdəti xarici təzyiqləri dəf etməyə və müharibəni qələbə ilə başa çatdırmağa imkan verdi.Xalqımızın şücaətinə, vətənpərvərliyinə diqqət çəkən Prezident İlham Əliyev “Ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun”. Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”, – deyə bildirib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bəyanatda əks olunan müddəalar tarixi qələbəmizin dəyərini daha da yüksəltməklə yanaşı, həm də ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Beynəlxalq siyasi şərhçilər, nüfuzlu KİV bu bəyanatı rəsmi Bakının tarixi qələbəsi kimi qiymətləndirirlər. Doqquz maddədən ibarət olan sənədin Azərbaycanın milli maraqlarına cavab verdiyini vurğulayan siyasi ekspertlər əlavə edirlər ki, bu nailiyyət gözlənildiyindən də artıqdır.Şübhə yoxdur ki, bəyanat möhtəşəm diplomatik qələbə kimi milli şüurumuzda iz qoyacaq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq

qalacaqdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan xalqı! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!

Peşə bayramımız günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir,uğurlar arzulayıram.

Aygün Eminova,

4 saylı Bakı “ASAN xidmət”mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi,Şuşa rayon qediyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,kiçik ədliyyə müşaviri.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*