68-dən olan namizədlər prezidentə müraciət etdi-“…total saxtakarlıqlar, ciddi qanun pozuntuları,…”

68-dən olan namizədlər prezidentə müraciət etdi-“…total saxtakarlıqlar, ciddi qanun pozuntuları,…”

68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədlər –Sakit Mirişov, Əfqan Quliyev, Davud Qurbanov, Mirbağır Bünyatov, Tacəddin Sücəddinov, Elnur Şükürov, Məhəmməd Əliyev, Fuad Əsgərov Prezident İlham Əliyevə birgə müraciət ünvanlayıb.

Surəti yenixeber.org-a daxil olmuş müraciətdə deyilir:

“Cənab Prezident! Biz yuxarıda adları çəkilən deputatlığa namizədlər Sizin çağırışınızla 9 fevral seçkilərinə böyük həvəs və coşqu ilə qatılsaq da, seçkiqabağı təbliğat və təşviqat dövründə qeyri-bərabər rəqabət mühitinin olması və seçki günü baş verən total saxtakarlıqlar, ciddi qanun pozuntuları, icra strukturlarının, dövlət məmurlarının seçkiyə müdaxiləsi nəinki ədalətli seçkilərə, ümumiyyətlə ölkədə müşahidə olunan islahatlara da inamımızı ciddi şəkildə sarsıtdı və bu islahatlara kölgə saldı.

Cənab Prezident! Yenə də ənənəvi üsullarla 68 saylı Cəlilabad kənd Seçki Dairəsində seçicilərin iradəsinin ziddinə olan nəticə elan olundu ki, bu da biz namizədlər və seçicilər tərəfindən etiraz ilə qarşılanmaqdadır. Bütün seçki məntəqələrində müşahidə olunan saxtakarlıq faktlarına etiraz etməyimizə baxmayaraq iradlarımız heç bir halda MnSK rəhbərləri tərəfindən qəbul olunmadı, ciddiyə alınmadı. Əksinə olaraq müşahidəçilərimiz təhqir olundu, alçaldıldı. Bəziləri isə polis zoru ilə məntəqələrdən uzaqlaşdırılmağa çalışıldı. Cənab Prezident! Ölkə başçısı kimi, konstitusion hüquqlarımızın qarantı olaraq biz namizədlərin və seçicilərin hüquqlarının bərpası üçün köməklik göstərməyinizi xahiş edirik.

Cənab Prezident! Biz bu məsələni ədalətlə həll edəcəyinizə ümidvar olaraq, bizim bu çağırışımıza dövlət başçısı kimi lazımi hüquqi addımlar atacağınıza əminik. Inanırıq ki, 68 saylı Cəlilabad kənd Seçki Dairəsinin nəticələrinin xalqın iradəsinə zidd olduğunu nəzərə alaraq seçkinin nəticələrinin ləğv olunması üçün lazımi hüquqi addımlar atacaqsınız”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*