Müxalifət Tofiq Yaqubludan nə istəyir?

Yaxın günlərdə Tofiq Yaqublu davam etdirdiyi aclıq aksiyasını dayandırıb. Bu barədə onun qızı Nigar Həzi öz sosial şəbəkə hesabında məlumat verib. O, atasını ölümdən xilas etdiyi üçün çox xoşbəxt olduğunu yazıb. Dönə-dönə qeyd edib ki, bu “uğur” məhz onun özünə məxsusdur, Tofiq Yaqublunun ətəyindəki daşı məhz o tökə bilib.
Bir müddət idi ki, Tofiq Yaqublunun aclıq aksiyası müxalifət düşərgəsinin əsas gündəm mövzusu idi. Tofiq Yaqublunun halına səmimi şəkildə acıyanlarla yanaşı, daxildən onun ölümünü dördgözlə arzulayanlar da az deyildi. Nəticədə ahıl yaşında aclıq aksiyası edən Tofiq Yaqublunun ölümdöşəyində olması kimlərinsə siyasi ambisiyaları üçün yeni dividentlər yaradırdı. Başda Cəbhə rəhbərliyi olmaqla radikal ambisiozların bir çox gözləntiləri kimi, Tofiq Yaqublu üzərindən qurduqları strategiya da özünü doğrultmadı. O, aclığı dayandırdı.
Toxun acdan nə xəbəri..
Fərqli düşərgədən bir çox şəxs Tofiq Yaqubluya aclıq aksiyasını dayandırmaq barədə ictimai çağırış eləmişdi. Qəribə şəkildə bu çağırışların heç biri eşidilmədi. Daha doğrusu eşidilməsi kimlərəsə sərf etmədi. Bütün çağırışlara və yalvarışlara ancaq bir cavab verildi: Tofiq Yaqublu özü tapşırıb ki, heç kim müraciət etməsin, o geri addım atan deyil. Eşit, amma inanma...
Həmin günlərdə bu sözləri Tofiq Yaqublunun özünün, yoxsa onun həyatı üzərindən siyasi gedişlər etməyə cəhd göstərənlərin dediyi bəlli deyildi. Lakin cavab özünü çox gözlətmədi. Bəziləri xeyir-şər evi axtarışında ikən, Yaqublu qızının aclığı dayandırmaq təklifi ilə razılaşdı. Elə müəmmalı suallar da bundan sonra başladı.
Görəsən Tofiq Yaqublu ona ünvanlanan ictimai müraciətləri, müxalif düşərgənin və ictimai fəalların sözlərini qulaqardına vururdu? Nigar Həzinin son müraciətində fərqli olan nə vardı? Axı dəfələrlə Nigar Həzi oxşar müraciətləri etmişdi, Tofiq Yaqublu isə razılaşmamışdı. Üstəlik Tofiq Yaqublu dönə-dönə heç kimin aclığı dayandırmaqla bağlı müraciət etməməsini tapşırmışdı. Ən azından ictimaiyyətə dedikləri bu idi.
Aclıq aksiyasının toz-dumanı yavaş-yavaş dağıldıqca gerçəklər bir-bir gün üzünə çıxmağa başladı.
Hələ bir neçə gün əvvəldən Tofiq Yaqublunun aclıq aksiyasının gözlənilən nəticəni verməyəcəyi bəlli idi. Onun fiziki və psixoloji vəziyyəti daha artıq davam etməyə imkan vermirdi. Nə qol həmin qol idi, nə də qılınc... Əvvəl-axır Tofiq Yaqublu aclıq aksiyasını dayandıracaqdı. Lakin Cəbhə rəhbərliyi bu uduzulmuş oyundan belə öz mənfəətlərini çıxarmağın yollarını düşünürdü.
Hamam suyu ilə dost tutmağa çalışanlar...
Tofiq Yaqublu aclığı dayandıracaqdı dayandırmağına, amma necə? Əgər o ictimai müraciətləri nəzərə alıb aclığı dayandırmış görünsə, Musavat partiyasının təşəbbüsü ilə başlanmış ictimai fəalların təkan verdiyi prosesin uğuru bəlli olacaqdı. Tofiq Yaqublunu ölümdən xilas edənlərin məhz onlar olduğu aydınlaşacaq, Cəbhə rəhbərliyi isə növbəti dəfə suyu süzülərək prosesdən kənar qalacaqdı.
Tofiq Yaqublu ölümü üzərindən siyasət aparmağa öyrəşən Cəbhə rəhbərliyi, bu dəfə də onun həyatı üzərindən oyun qurmağa başladı. Nigar Həziyə edilən təzyiqlər nəticəsində Tofiq Yaqublunun məhz onun xahişi ilə aclığı dayandırdığı elan edildi. Günlərdir Tofiq Yaqublunun həyatını xilas etmək üçün aparılan ictimai kampaniya elə bu elanla birgə kölgədə qaldı. Əhəmiyyətsiz və mənası bir işə çevrildi. Sanki bu qədər adamın, Musavat rəhbərliyinin, digər ictimai fəal şəxslərin çağırışları, nigaranlıqları boşuna imiş. Elə bil Tofiq Yaqublu ideya, mübarizə adamı yox, iki göz yaşına allanan kövrək qəlbli ahıl kişi imiş.
Fiziki sağlamlığını itirmək üzrə olan Tofiq Yaqublunun qərarını başa düşmək asandır. Hər canlı ölümlə üzləşdikdə yaşamaq instinktinə boyun əyir, sağ qalmağa çalışır. Lakin onun həyatı üzərindən oyun quranları və bu oyunda alətə çevrilən yaxınlarını başa düşmək çətindir.