“Putini də çarın aqibəti gözləyir” — Azər Xudiyev Rusiyada baş verənləri ŞƏRH ETDİ

Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Rusiyada baş verən son hadisələri şərh edib.
Azər Xudiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada baş verən hadisələr gözlənilən idi:
“Bu barədə mən dəfələrlə mətbuatda fikrimi bildirmişəm. Bu hadisəyə bir neçə aspektdən baxmaq lazımdır. Rusiya tarixində bu kimi hadisələr artıq bir neçə dəfə takrarlanıb.
1917 -ci ildə baş verən “Oktyabr inqilabı” buna bariz nümunədir. Rus xalqının xislətində əvvəlcə müthicəsinə xidmət etdikləri öz çarlarını bir anda tarixin arxivinə göndərə bilmək ənənəsi var. Düsünürəm ki, Putini də eynilə çarın aqibəti gözləyir”.
Azər Xudiyev deyib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı ədalətsiz müharibə kökündən yalnış idi.
Onun sözlərinə görə, “Vaqner”in başçısı Priqojin kimi səhra komandirlərinin bu gün Kremlə qarşı meydan oxuması, əslində uzun illərdən bəri Rusiyanın “dünyanın ikinci ordusu” və “dayanıqlı dövlət” mifini tamamilə darmadağın etdi:
“Tarixi təcrübə göstərir ki, əksər hərbi qiyamlar iki-üç gün ərzində yatırılmazsa, hakimiyyət dəyişikliyinə gətirib çıxarır. Zənnimcə, bu gün Rusiyada baş verən hadisələr tarixin kontekstindən kənarda deyil. Belə ki, hakimiyyət dəyişikliyi nəticəsində əgər hakimiyyətə liberal, demokratik qüvvəllərin nümayəndəsi gəlməzsə, bölgədə siyasi sabitlik uzunmüddət böyük təhdid altında qala bilər. Regiondakı qeyri-stabil vəziyyət Ermənistanın təxribatları ilə müşayiət oluna bilər. Ona görə də, Azərbaycanın da diqqətli olması vacibdir”.