190 manatla bağlı çox insan ümidsiz qaldı – “Nazirlik isə əlləzinə oxuyur”

190 manatla bağlı çox insan ümidsiz qaldı – “Nazirlik isə əlləzinə oxuyur”

Surxay Atakişiyev

Baş nazir Əli Əsədov mayın 2-də “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə əmr imzalayıb.

Təqdir ediləsi addımdır. İnanırıq ki, bu qərar əhalinin az təminatlı hissəsinin sosial müdafiəsindəki bürokratik əngəlləri aradan qaldıracaq. Çünki COVİD-19  pandemiyası ilə bağlı elan olunan karantin dövründə əhalinin sosial müdafiəsi ilə əlaqədar Respublika Prezidentinin  göstərişlərinin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətində  ciddi nöqsanlar üzə çıxdı.

Təbii ki, bu da yerlərdə haqlı narazılığa səbəb oldu. VƏTƏNDAŞ – DÖVLƏT münasibətləri Nazirliyin səbatsız fəaliyyəti sayəsində zərər gördü. Karantin dövründə əhali ilə işləməli olan əsas dövlət qurumlarından biri ƏƏSMN birmənalı şəkildə qapılarını vətəndaşlarının üzünə bağladı. Baxmayaraq ki, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən bir çox dövlət qurumlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına hərəkət sərbəstliyi verildi. Bu qərardan sonra gözlənilirdi ki, Nazirlik və onun yerli qurumları  gücləndirilmiş iş rejiminə çalışacaq.

Çox təəssüfki, belə olmadı. Nazirlik əməkdaşları bağlı qapılar arxasına çəkildi. Ölkə başçısının göstərişlərinə inanıb-sevinənlər üz tutdular Nazirliyin yerli qurumlarına. Yerli qurumlarda isə vətəndaşları Nazirlik əməkdaşları yox, çoxsaylı polis əməkdaşları qarşıladı. Onların da gələnlərə tək bir cavabı var – “mayın 5-dək idarə işləmir”.

Maraqlıdır, bəs onda Nazirlər Kabinetinin 122 saylı qərarı niyə bir kənara atılıdı?!  Axı qərara əsasən bu qurumların bütün əməkdaşları saat 9-00-dan 18-00-dək iş başında olmalı, vətəndaşların xidmətində durmalıydılar. Amma belə olmadı. Nazirlik ilk gündən mühafizəkarlıq etdi. Əhaliyə bildirildi ki, bütün müraciətlər elektron qaydada aparılır. Edilən müraciətlərə isə əsasən başdansovdu cavablar verildi. Bir qism insanlara dedilər ki, sənin adına maşın var. Bir qisminə dedilər ki, vergi ödəyicisisən. Bir qism müraciətlərə isə, ümumiyyətlə, cavab verilmədi. Və yaxud cavab verməyi artıq bildilər. Halbuki aprelin əvvəlində hökumət tərəfindən hansı insanların müavinət ala biləcəyi aydın şəkildə izah edilmişdi.

Həmin izahda VEÖN, maşın və digər uydurma bəhanələr yox idi. Bir sözlə, ƏƏSMN son vaxtlar nümayiş etdirdiyi mövqe nə dövlət işçisinin əxlaq kodeksinə, nə də insanlığa sıgır. Mərhəmət və barışıq ayı olan Ramazanda belə möqe nümayiş etdirmək isə heç müsəlmançılığa yaraşmır. Belə həssas məqamda Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının məntiqsiz və bayağı açıqlamaları da əhali arasında az hiddət doğurmadı.

Yeri gəlmişkən, deyək ki, Fazil müəllimin bu gün əsas işlərindən biri sosial şəbəkələrdə Nazirlik haqqında hiddətlə yazılan fikirləri və şərhləri bloklamaqdır. Lakin görünən dağa bələdçi lazım deyil. Hami hər şeyi çox gözəl bilir.  Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bu günlərdə belə hallara qarşı iqtidarın mövqeyini çox aydın ifadə etdi. Hörmətli millət vəkili bildirdi ki, “Karantin dövründə  gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi fikirlər ƏƏSMN üçün də son xəbərdarlıq kimi qiymətləndirilməlidir. Ölkə başçısı videoqəbulda bir daha bəyan etdi: “Xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*