Siçan ili necə yarandı (nağıl)

Siçan ili necə yarandı (nağıl)

Bu əhvalat lap çoxdan, köhnə ilin son günü baş vermişdi.

– Şaxta baba, bizə hücum var! – Qoşqudakı atlardan biri ucadan kişnəyib xəbər verdi.
– Hücum? Kimdir o? – Şaxta baba ətrafa boylandı. Qar Kraliçası öz köməkçiləri ilə sürətlə ona yaxınlaşırdı.
– Bu dəfəki Yeni ili mənimlə qarşılayacaqlar! Mən Qar kraliçasəyam, sən – Şaxta baba! İkimiz də soyuğun rəmziyik. Niyə səni sevirlər, məni isə yox?
– Axı məndən fərqli olaraq, sən getdiyin hər yeri dondurursan, canlı-cansız hər şeyi bir-birindən soyudursan!
– Bu dəfə mən deyən olacaq! – Qar kraliçası sehrli çubuğunu Şaxta babanın kirşəsinə tərəf tutdu. Atlar da, kirşə də buz parçasına çevrildilər, bircə Şaxta babadan savayı.
– Qar kraliçası, unutmusan ki, sənin sehrin mənə təsir etmir!
– Sənin də öhdəndən gələcəyəm! – Qar kraliçası köməkçilərinə əmr etdi:
– Bunun əl-ayağını bağlayıb ən dərin zirzəmiyə atın! Bu dəfəki Yeni ilin əsas qəhrəmanı özüm olacağam!

İndi sizə kimdən xəbər verim – muncuq kimi gözləri olan bapbalaca siçan balasından. Zirzəminin altındakı yuvaları elə gözəl, elə rahat idi ki! Ac olanda zirzəmiyə qalxıb ordakı kisələrdən buğda, un və ya nə isə başqa bir ləzzətli yemək yeyir, sonra yenidən yuvalarına geri dönürdülər. Soyuq qış gecələrində anası ona bir-birindən maraqlı nağıllar danışırdı. Ən maraqlısı isə Şaxta baba haqqında idi – Yeni il gecəsi gəlib, sözəbaxan və ağıllı uşaqlara hədiyyə verən Şaxta baba barədə. Bala siçan yuxularında da tez-tez onu görürdü – Şaxta baba gəlib, ona böyük bir hədiyyə verirdi, gözlərini açıb yuxudan oyananda isə bunun yuxu olduğunu dərk edib bikef olurdu.
– Mənim balam, niyə kefin yoxdur?
– Anacan, bu gecə də yuxuda Şaxta babanı gödüm, mənə hədiyyə verirdi. Ana, ən böyük arzum bilirsən nədir?
– Nə?
– Elə istəyirəm ki, Şaxta babanı görüm, o da mənə hədiyyə bağışlasın.
“Şaxta babanın buralara gəlib çıxması mümkünsüzür, amma, bunu ona deyib, balamın da ümidini qıra bilmərəm axı” – belə düşünən Ana siçan balasının əlindən tutdu:
– Gəl hər zamankı kimi bir az yuxarıda – zirzəmidə gəzişək. Ora elə maraqlıdır ki! Görək kim cəld tərpənib birinci olacaq!
– Birinci ozüməm! –Tez-tələsik, anasından qabaq zirzəmiyə çıxan bala siçanın həyəcanlı səsi eşidildi:
– Ana!!! Anacan! Gör burda kim var?
– Bu ki, Şaxta babadır! – Zirzəmiyə çıxan Ana siçan heyrətləndi. – Bəs niyə əl-qolu bağlıdır?
Şaxta babanın ağzındankı yapışqanlı bantı qoparan kimi o, əl-qolunu göstərib, həyəcanla Ana siçana müraciət etdi:
– Kim olduğumu doğru tapdınız. Mümkünsə, mənə kömək edin.
– Əlbəttə, kömək edərik!
Ana-bala kəndirləri gəmirib Şaxta babanın əl-qolunu azad etdilər. Şaxta baba bala siçanın başını tumarladı:
– Sən nə ağıllı, nə gözəl balasan. Gəlmişkən, hədiyyəni verəcəyəm.
Və o, papağını başından çıxarıb bala siçana tərəf uzatdı, papağın içində gözəl bir hədiyyə bağlaması var idi.
– Ana! Arzuma çatdım! Şaxta baba mənə də hədiyyə verdi! – Bala siçan sevincdən atlıb-düşdü.
– İndi isə ən əsas hədiyyəmi almağa hazır olun. – Şaxta baba başına gələnləri Ana siçana danışıb əlavə etdi. –Siz ana-bala kiçik boyunuza baxmayaraq, böyük igidliklə bütün bəşəriyyəti böyük bir bəladan – Qar kraliçası tərəfindən donmaqdan xilas etdiniz. Elə buna görə də qarşıladığımız bu ili Siçan ili adlandıracağam. Bundan sonra hər 12 ildən bir siçan ili olacaq.
Şaxta baba papağını havada yellədi və onun içində düşən sehrli çomağını götürüb, 3 dəfə yerə vurdu. Zirzəmidə üç cırtdanboylu şən adamcığaz peyda oldu.
– Şaxta baba, çağırdın, gəldik! Qar kraliçası çox uzaqlaşa bilməyib, irəlilədikcə getdiyi hər yeri dondurub buza çevirir. Tezliklə ona çatıb kirşəni və maralları geri alacağıq! Onun özünü isə birdəfəlik qovmalıyıq ki, hər kəsin canı buza dönməkdən xilas olsun.
Şaxta baba ana-balanı köməkçilərinə göstərdi:
– Bu qəhrəman dostlarım olmasaydı, hər şey çox pis olacaqdı. – Sonra o, əlavə etdi. – Getdik, mənim vəfalı köməkçilərim. İrəlidə bizi heç də asan olmayan döyüş gözləyir. Amma, qalib gələcəyimizə inanıram! Axı, Qar kralçasından fərqli olaraq, bizi, demək olar ki, hamı sevir. O sevənlərimizin ürəklərinin istisi istiyə nifrət edən Qar kraliçası ilə mübarizədə bizə böyük köməkdir.
Bu dörd maraqlı qonaq, adamçığazlardan birinin yerə sərdiyi sehrli xalçanın üzərinə çıxdılar, xalça havaya yüksəldi. Son anda Şaxta baba özünün yeni balaca dostlarına göz vurub gülümsədi:
– Əlvida, mənim balaca xilaskarlarım! Qarşıdan gələn siçan ilimiz mübarək!

Aygün Telman qızı Bünyadzadə
Azərbaycan uşaq yazıçısı, Beynəlxalq Təbəssüm Ordeni Kavaleri

Siçan ili necə yarandı (nağıl)
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*