Gənc şair Kənan Muxtardan şeirlər

Gənc şair Kənan Muxtardan şeirlər

Bu liman tənhadır üfüqdə səssiz,
İllərdir qayıtmır son gedən gəmi!
Apardı sonuncu sərnişini də,
Bir gecə limanı tərk edən gəmi!

 

Dalğa da yad olub bu sahillərə,
Ləpələr salamı uzaqdan verir!
Yel yerə əyilmir qumu “toz basıb”
Sakitcə bu yerdən külək qəm dərir!

 

Biləsən bir ümid asan yaranmır,
Ümid bir zirvədir, dəyərsə dağdır!
Kim demiş sonuncu ölən ümiddir,
Bir dəyər yaşarsa, ümid də sağdır!

 

Kənan Muxtar

 

 

Demirəm əlçatmaz birisən, əsla,
Sən mənim gözümdə tozsan, torpaqsan.
Məsəl var; kəsib heç tullamaq olmur,
Bax elə sən də o həmin barmaqsan!

 

Əslində bu elə çətin şey deyil,
Qorxuram adıma ləkə olasan.
Qıymıram bu daşlı, qalaqlı yolda
Qurdların ağzında tikə olasan.

 

Bilməzsən bu vicdan sədəqəsidir,
Neçə daş qəlblərə sevgi oymuşam.
İnsanlar soyuqdur üşüsən əgər
Gələrsən qapını açıq qoymuşam!

 

Kənan Muxtar

 

 

Bilmirəm nə üzlə istəyim səndən,
Yalvarım nə olar bir az qalasan.
Mən elə də yaxşı insan deyiləm
Gəlib ətəyimdə namaz qılasan.

 

Mən sənin çiyninə ağır gələrəm,
Bənd olub adıma yükü dünyanın!
Oynadı yerindən dağlar da amma
Tərpənmir halıma tükü dünyanın.

 

Bilmirəm, bəlkə də dağ mən özüməm
Yığılıb zirvəmə dərd qalaq-qalaq.
Qorxuram, çatdıqca əllərin mənə
Daş olub qalasan canından iraq!

 

Kənan Muxtar

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*