Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazıçılar yeni yazdıqları əsərlərini kitabxanaya təqdim etməkdə davam edirlər.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova “Öz dunyama apar məni” şeiri ilə aksiyada iştirakını davam etdirir.

Seirdə dərdin pəncəsində naçar qalan şair, “Gər qurban istəsə təkcə məni ver, başqa qurbanları qurtar, Allahım” – deyərək yalvarır. O, qeyd edir ki, koronavirus dünyanı cənginə alan zaman onunla ancaq Tanrının köməyi ilə mübarizə aparmaq mümkündür.

Şeir oxuculara təqdim olunur.

Öz dünyana apar məni

Yaman kövrəlmişəm, yaman dolmuşam,

Fikirdən saralıb gül tək solmuşam,

Dərdin pəncəsində naçar qalmışam,

Gəl, məni bu dərddən qurtar, Allahım!

Məni öz dünyana apar, Allahım!

Biri gedir, biri gəlir dərdlərin,

Sızlayır kaman tək bütün bəndlərim,

Dəf edə bilmirəm qəmin fəndlərin,

Bu feli-fəndlərdən qurtar, Allahım!

Məni öz dünyana apar, Allahım!

Göynəyir hələ də Qarabağ yaram,

Həsrətindən illərdir ahu-zaram,

Hardadır ədalət, bəlkə mən koram.

Bu haqsız dünyadan qopar, Allahım!

Yəni öz dünyana apar, Allahım!

Dünyanı korona alıb cənginə,

Nə kasıba baxır, nə də zənginə.

Heyfim gəlir şəhərimə, kəndimə,

Sil onu dünyadan apar, Allahım!

Məni öz dünyana apar, Allahım!

Çoxa qıymasın qoy ona kəmi ver,

Bizə yaşatdığı öz sitəmin ver,

Gəl qurban istəsə təkcə məni ver,

Başqa qurbanları qurtar, Allahım!

Məni öz dünyana apar, Allahım!

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*