ƏGƏR MİLYONER OLSAYDIM…

ƏGƏR MİLYONER OLSAYDIM…

İnsan mənəviyyatı çox müxtəlifdir. Elə insanlar var ki, ancaq özünü və yaxın ətrafını düşünür. Daim hansı yollarla olursa-olsun çoxlu pul qazanmaq, varidatını artırmaq belə insanların həyat məqsədidir. Belə insanları başqalarının nə vəziyyətdə yaşaması, problemləri heç düşündürmür. Bu cür insanların fikrində böyük villalara, bahalı maşınlara sahib olmaq istəyi əsas yer tutur. Qarşıya qoyduqları bu məqsədlərə çatmaq üçün onlar mənəviyyatsızlığın bütün çalarlarını qəbul edir və hər cür fırıldaqlara, yalanlara, alçaqlıqlara yol verərək öz məqsədlərinə nail olurlar. Onlar mənəviyyatlarını itirərək böyük maddiyyat əldə edirlər.

Elə insanlar da var ki, yaşadıqları ömürdə mənəvi dəyərləri daim qoruyub saxlamağa çalışır, öz şəxsiyyətinə hörmət qoyur, maddiyyata görə başqalarının qarşısında alçalmağı, yaltaqlanmağı, əskilməyi özünə rəva bilmirlər. Belə insanlar ətraflarında olan ehtiyaclı insanlar haqqında da düşünür.

Məlumdur ki, ölkədə bir qrup insan milyonlara sahibdir. Korrupsiya, rüşvətxorluq yolu ilə qazandıqları bu pulların hesabına neçə-neçə villalara, obyektlərə, maşınlara sahib olurlar. Hətta bu pulları əyri yollarla xarici ölkələrə keçirərək orada da villalar alır, eləcə də obyektlərə sahib olurlar.

60-a yaxın yaşım var. 40 ilə yaxındır ki, yaradıcılıqla məşğulam. 50 addan çox qəzet, jurnallarda minlərlə informasiya və məqaləm, eləcə də bədii əsərlərim dərc edilib. Kitablar müəllifiyəm. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Son 15-20 ildə məqalələrimdə cəmiyyətdə baş verən ədalətsizlikləri, haqsızlıqları, qanunsuzluqları qələmə almış, öz yerində olmayan məmurları işlərindəki nöqsanlara görə tənqid və ifşa etmişəm. Yazdığım bədii əsərlərdə isə obrazlı şəkildə rüşvətxor, korrupsioner məmurların iç üzünü açmış, onların məşğul olduqları qanunsuz işləri, insan mənəviyyatına yaraşmayan hərəkətləri qələmə almışam. Bu əsərlərin əsas ana xəttini insan şəxsiyyəti, mənəviyyatı, o cümlədən vicdan, insaf, xeyirxahlıq haqqında düşüncələrim təşkil edir.

Oxucularımın mənə ünvanladıqları bir sual mənə çox maraqlı gəldi. Mən həmin suala verdiyim cavabı nəzərinizə çatdırmaq istəyirəm. Mənə ünvanlanan sualda soruşulurdu ki, bəs sizin milyonunuz olsaydı, siz onu hara xərcləyərdiniz? Mən bu sualın cavabını belə verdim: Mən fırıldaq yollarla, başqasının haqqına girməklə, kiməsə iş vurmaqla böyük pullara sahib olmaq istəmirəm. Əgər nə vaxtsa yüksək əmək haqqına malik olsam, öz problemlərimi həll etdikdən sonra neçə-neçə yerdə malikanə, obyektlər almaram. Artıq qalan pulumu təhsil almaq istəyən savadlı uşaqların maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldərəm. Həmçinin şair və yazıçıların öz kitablarını çap etdirmələri üçün öz köməkliyimi göstərərəm.

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU)

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*