ƏGƏR FAYDALI TƏKLİFLƏR HƏYATA KEÇSƏ…

ƏGƏR FAYDALI TƏKLİFLƏR HƏYATA KEÇSƏ…

Respublikamız demokratiya yolunda irəliləyir. Təbii olaraq bu yolda təcrübənin azlığından çatışmazlıqlar, sapmalar olacaqdır. Parlament xalqın ən layiqli, nüfuzlu, vətənpərvər nümayəndələrini özündə birləşdirməlidir. Əbəs yerə deputatlara millət vəkili demirlər. Onlar sözün əsl mənasında millətin vəkili olmalı, onun ən xırda problemlərindən də xəbər tutmalı və bu problemləri çözmək yolunda gecə-gündüz var qüvvələri ilə çalışmalıdırlar.

Lakin bizim Milli Məclisin keçmiş üzvlərinin əksəriyyəti haqqında bu sözləri deməyə adamın dili gəlmir. Onların fəaliyyəti çox aşağı səviyyədə olmuşdur. Onların fəaliyyətinə baxanda insan düşünür ki, bu deputatların əksəriyyəti səlahiyyətindən istifadə edərək öz var-dövlətini artırmağa çalışmış, xalqdan uzaq düşmüş, bununla da öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməmişlər. 2020-ci ilin fevral ayında seçiləcək deputatlardan xalqımız nə gözləyir? Xalqın problemləri yetərincədir. Bu problemlərin həll olunmasında xalq öz millət vəkillərindən çox şey gözləyir.

Deməliyəm ki, uzun illər jurnalistika sahəsində çalışdığımdan xalqın müxtəlif təbəqələri ilə təmasda olmuş, onların problemləri ilə rastlaşmışam, eləcə də saytlarda, cosial şəbəkələrdə oxuduğum, gördüyüm narazılıqlar məni həmişə düşündürmüşdür. Mən millətimi, dövlətimi sevən bir insan olaraq onun nailiyyətlərinə sevinən, fərəhlənən bir şəxsəm. Amma yerlərdə olan qanunsuzluqlar, ədalətsizliklər mənim ürəyimi həmişə ağrıtmış, məni rahat qoymamışdır. Bu nöqteyi-nəzərdən apardığım müşahidələr nəticəsində yeni seçiləcək millət vəkillərinə öz tövsiyələrimi vermək istəyirəm. Onu qeyd etmək istəyirəm ki, yeni seçiləcək millət vəkillərinin sırasında savadlı, vicdanlı, vətənpərvər, xalqın taleyini düşünən hüquqşünasları, siyasətçiləri, həkimləri, müəllimləri görmək istəyirəm. Eləcə də obyektiv düşüncəli, ətrafdakı hadisələri müşahidə edib vicdanlı nəticə çıxaran jurnalistlər də millət vəkillərinin sıralarında olmağa layiqdirlər. Belə olduqda hüquqşünas qanunlar qəbul edildikdə ilk olaraq xalqın mənafeyini düşünəcək, siyasətçilər dövlətimizin, respublikamızın dünya səviyyəsində uğur qazanmasına, tanınmasına öz müsbət təsirlərini göstərəcək, həkimlər tibbdə saxtakarlıqların aradan qaldırılmasına xidmət göstərən, öz işlərinə laqeyd münasibət bəsləyən həkimlərin məsuliyyəti barəsində qanunlar qəbul olunmasına köməklik göstərəcək, müəllimlər isə təhsildə yol verilən nöqsanların aradan qaldırılması, gələcəyimizin daha savadlı olması üçün qanunların yaradılması üçün çalışacaqlar. Millət vəkili olan vicdanlı jurnalistlər isə cəmiyyətdə olan qanun pozuntularını, haqsızlıqları, məmur özbaşınalıqlarını aşkar edib bu haqda kütləvi informasiya vasitələrində informasiya verməli, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar. Aidiyyatı təşkilatlar isə faktı yoxlamalı və obyektiv tədbir görməli, günahkar şəxsləri cəzalandırmalıdırlar. Lakin nə səbəbdənsə son illərdə həmin təşkilatlar bu tənqidi məqalələrə, yaxud şikayətlərə ya reaksiya vermir, ya da yoxlama aparsalar da heç bir ciddi tədbir görmürlər.

Əlbəttə, xalqımızın, eləcə də dövlətimizin ən başlıca problemi Qarabağ problemidir. Seçiləcək deputatlar bu məsələnin həllində daha aktiv olmalı, müharibə yolu ilə olmuş olsa da Qarabağın azad olunması üçün çalışmalıdırlar.

Xalqın elə təbəqəsi var ki, maddi gəliri aşağı səviyyədədir. Etiraf etməliyik ki, 500 manata qədər maaş alan işçilər indiki bazar qiymətləri ilə öz ailələrini lazımınca təmin edə bilmirlər. Bu isə insanlarda qəlb sıxıntısı, gərginlik yaradır, nəticədə isə insanlar müxtəlif xəstəliklərə tutulur. Pensiyaların və aşağı maaşların qaldırılması məsələsi gündəmdə olmalıdır. Həmçinin zəruri ərzaq məhsullarının qiymətlərinə dövlət tərəfindən mütəmadi olaraq nəzarət olunmalı, bu qiymətlərin kimlər tərəfindənsə süni şəkildə qaldırılmasının qarşısı alınmalıdır. Düzdür, maaşlar tədricən qaldırılır, lakin maaşlar qalxmamış ticarətçilər zəruri ərzaqların qiymətini qaldırırlar. Beləliklə də, aşağı maaş alan təbəqənin maddi vəziyyəti düzəlmir, onun aldığı maaş kommunal xərcləri və gündəlik tələb olunan zəruri ərzaq məhsullarının qiymətini ödəməyə çatmır.

Bildiyimiz kimi millətin gələcəyi indi təhsil alan şagird və tələbələrin bilik səviyyəsindən asılıdır. Lakin təəssüf hissi ilə deməliyik ki, ildən-ilə məktəblilərin bilik səviyyəsi aşağı düşür. Məlum olduğu kimi 2019-cu il ali məktəblərə qəbul imtahanlarında ölkə üzrə təxminən 50 min nəfərdən çox abituriyent iştirak etmişdi. Lakin bir nəfər də olsun bu imtahanlardan 700 bal toplaya bilmədi. Əvvəlki illərə də nəzər

salsaq, 700 bal toplayan abituriyentlərin sayı ümumi abituriyentlərin sayının çox az bir faizini təşkil edib. İmtahan verən on minlərlə abituriyentin cəmi 25-30 nəfəri 700 bal toplayırsa bu çox aşağı göstəricidir.

Ali məktəblərə qəbul imtahanlarının keçid ballarının il-ildən aşağı salınması da fərəhləndirici hal deyil. Ölkəmizə savadlı mütəxəssislər lazımdır. Aşağı balla qəbul olunan abituriyent isə universitetdə də aşağı səviyyədə oxuyacaq, unuversiteti aşağı qiymətlərlə bitirəcək. Belələrinin ali təhsil diplomları olsa da, işlədikləri yerdə özlərini mütəxəssis kimi təsdiq edə bilməyəcəklər. Bəzən isə belələrini nəyinsə və kiminsə xatirinə vəzifəyə də təyin edirlər. Təsəvvürünüzə gətirin ki, savadlı adamlara savadsız bir şəxs rəhbərlik edir. Həmin adam isə işi dərindən bilmədiyindən işlədiyi sahəni irəliyə deyil, geriyə aparır. Onun rəhbərliyi altında işləyənlər isə onun səhv işlərinə etiraz edə bilmirlər. Bu mövqedən çıxış edərək təklif edirəm ki, ali məktəblərə keçid balı 400 olsun və ali məktəblərdə savadlı tələbələr təhsil alsın. Əgər belə olsa Azərbaycanın gələcəyi savadlı və güclü mütəxəssislərin əlində olar. Şəxsən mən aşağı bal toplamış abituriyentlərin tələbə olmasının əleyhinəyəm. Tələbə olmaq arzusunda olan zəhmət çəkməli, yüksək bilik əldə edərək, yüksək bal toplamağa nail olmalıdır.

Gələcəyimizin qurucuları olan bu günkü şagirdlərin zehni, mənəvi inkişafları ilə yanaşı, onların fiziki inkişafına, sağlamlığına da böyük diqqət yetirilməlidir. Bu nöqteyi-nəzərdən məktəblərdə hər bir sinifdə həftədə iki saat olmaqla Fiziki tərbiyə dərslərinin keşirilməsi müsbət haldır. Lakin bu dərslərin keyfiyyəti haqqında müsbət söz demək çətindir. Belə ki, regionlarımızın kənd məktəblərinin əksəriyyətində idman zalı demək olar ki, yoxdur. Çox şagirdi olan məktəblər isə əsasən Bakıda və kənd rayonlarının mərkəzlərində yerləşir. Məndə olan məlumata görə Bakıda cəmi bir neçə məktəbdə iki idman zalı vardır. Əlbəttə belə olması dərsin keyfiyyətinə müsbət təsir göstərir. Lakin digər məktəblərdə cəmi bir idman zalı var. Bir idman zalı olan, şagird kontingenti isə 2000-3000 nəfərə çatan məktəblərdə eyni saatda 3-4 sinfə Fiziki tərbiyə dərsi keçirilir. Hətta Bakıda elə məktəblər var ki, həmin məktəblərdə 4000 nəfərdən çox şagird təhsil alır və bu məktəblərin hər birində 100-dən çox sinif var. Onu da qeyd edək ki, Fiziki tərbiyə dərslərində şagird sayı 20 və daha çox olan siniflər iki qrupa bölünür. Bu halda bir idman zalında bir neçə sinif eyni vaxtda dərs keçirsə, bu zaman hansı keyfiyyətdən danışmaq olar? Çox maraqlıdır ki, neçə illərdir bu məsələ barəsində tədbir görülməmişdir. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Fiziki tərbiyə dərslərinin keyfiyyətini yüksəltmək üçün zərurət olduqda məktəblərin sahələrində əlavə idman zalları tikilsin. Lakin elə məktəblər də var ki, şagird kontingenti çox olsa da, əlavə idman zalının tikilməsi üçün boş sahəsi yoxdur. Belə halda çıxış yolunu nə cür tapmaq haqqında fikirləşmək lazımdır.

Uzun illər idi ki, ölkəmizdə dərslər may ayının son günlərində bitirdi. Bir neçə il bundan qabaq sabiq Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə dərslərin keçirilməsi iyun ayının 14-ə kimi uzadıldı. Belə bir addımın atılması şagirdlərin biliklərinin artırılmasına xidmət göstərsəydi, biz də bunu dəstəkləyərdik. Lakin reallıq başqa cür fikir yürütməyə bizə əsas verir. Belə ki, iyun ayında şagirdlər artıq yorulur, bu yorğunluq, eləcə də havanın da isti olması şagirdlərin dərsə həvəsini və dərs oxumaq qabiliyyətini aşağı salır. Təklif edirəm ki, dərslər əvvəlki kimi may ayının sonlarında bitsin.

Bəzən elə qaydalar qoyulur ki, o qaydaları tətbiq etdikdə müəmmalı bir vəziyyət yaranır. Belə ki, 2019-cu ildə 11-ci siniflərin buraxılış və qəbul imtahanları aprel və may aylarında keçirildi. Qəribə vəziyyətdir: proqram materialı iyun ayının 14-də bitirsə, imtahanların aprel, may aylarında keçirilməsi hansı məntiqə sığır?

Pensiya yaş həddi barəsində də onu demək istəyirəm ki, yaş həddinin 65 qoyulması heç də əhalinin xeyrinə olan bir qanun deyil. Belə ki, bildiyimiz kimi müasir dövrümüzdə insanların əksəriyyəti 50 yaşından sonra təzyiq, ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkir. Həm də müşahidələrimə görə 45-65 yaşları arasında ölənlərin sayı çoxluq təşkil edir. Xalqın vəziyyətini nəzərə alaraq pensiya yaşının həm qadınlar, həm də kişilər üçün 60 yaşa endirilməsi yaxşı olardı. Belə bir hal da mümkündür ki, sağlamlığı imkan verən şəxslərin 60 yaşda pensiyaya çıxdıqdan sonra da 65 yaşa kimi işləmələrinə imkan olsun.

Səhiyyə sahəsində də qanunlar təkmilləşdirilməlidir. Bildiyimiz kimi respublikamızdan xəstələrin xaricə axını güclüdür. İmkanından asılı olaraq demək olar ki, xəstələrin əksəriyyəti Avropa ölkələrinə və yaxud Türkiyəyə, İrana, Gürcüstana müalicəyə gedir. Respublikamızın həkimlərinin bəzilərinin xəstəyə

düzgün diaqnoz qoymaması, dərmanları düzgün təyin etməməsi məsuliyyətdən kənarda qalmamalıdır. Bu da adi bir hal almışdır ki, xəstaxanada yatan xəstənin halı pisləşdikdə həkim onu evə yazır və qohumlarından onu evə aparmasını tələb edir. Halbuki, belə xəstələr daim həkim nəzarəti altında olmalıdır.

Bu məqalədə ictimai iaşə, ticarət, körpələr evi-uşaq bağçaları, kommunal xidmətlər, nəqliyyat barəsində də fikir irəli sürə bilərdim. Lakin düşünürəm ki, yuxarıda qeyd etdiyim təkliflər cəmiyyətdə öz yerini tapsa, xalqın həyat səviyyəsində, təhsilində, sağlamlığında müəyyən irəliləyişlər əldə olunar.

Cəmiyyətdə mənim hislərimə təsir göstərən, məndə daxilən narazılıq yaradan müəyyən məqamlar var. Belə məqamlaradan ikisini oxucuların və seçiləcək millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Son illərdə məmur özbaşınalıqları xalqı dövlətdən narazı salır. Elə adamlar var ki, vəzifəyə təyin olunduqda, özünü həmin müəssisənin ağası kimi aparır. Belə ki, onlar istədikləri işçiləri heç bir nöqsanları olmadığı halda kütləvi şəkildə işdən çıxarır, onların əvəzinə isə başqalarını işə götürürlər. Bakının Xəzər rayonundan iki faktı göstərmək istərdim. Qeyd edim ki, təxminən dörd il bundan əvvəl müəssisəyə təyin olunmuş qadın müdirə az keçməmiş az maaş alan, başqa heç bir gəliri olmayan 30 nəfərdən çox işçini işdən çıxarır. Maraqlıdır, bu müəssisədə illərlə işləyən işçilərin kiçik bir müddət ərzində işdən çıxarılması heç də onların öz işlərində yol verdikləri nöqsanın olmasından xəbər vermir. Bu qədər işçi hamısı öz işində bacarıqsız ola bilməz. Bu hadisə müəssisənin rəhbərinin işçilərə şəxsi münasibəti əsasında həyata keçirilib. Xəzər rayonunun başqa bir müəssisəsində təxminən üç il bundan əvvəl müəssisəyə təyin olunmuş kişi müdir təyin olunduqdan sonra ştatların ixtisar olunması adı ilə neçə-neçə işçini işdən çıxarmışdır. Lakin az müddət keçdikdən sonra onların əvəzinə yeni işçiləri işə götürmüşdür. Görəsən belə bir işi tutmaqda müdirin nə mənafeyi var? Bu məmurların məqsədi işsizliyə qarşı dövlətimizin apardığı işlərə kölgə salmaq, neçə-neçə adamı işsiz qoyub onları dövlətdən narazı salmaqdırmı?

Respublikamız müstəqillik əldə etdikdən sonra müşahidə etdiyim bir məsələ də məni narahat edir. Bu illər ərzində ölkədə müxtəlif məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının həyətyanı ərazilərinin hektarlarla sahələri kimlər tərəfindənsə ya iş adamlarına, ya da fərdi şəxslərə satılmışdır. Həmin sahələrin bəzilərində obyektlər, əksəriyyətində isə şəxsi evlər tikilmişdir. Elə müəssisələr də olub ki, onları tamamilə ləğv edərək yerini satmışlar. Halbuki bu müəssisələrin fəaliyyətinə indi də ehtiyac var. Eşitdiyimə görə həmin sahələri alan adamlar bu məsələyə “qanuni don” geyindirmək məqsədilə həmin torpaqların onların ulu babalarının olması barədə sənəd düzəldiblər. Daha ədalətli olardı ki, bu məsələlər ciddi araşdırılsın və bu məsələlərin həyata keçirilməsində əgər qanunsuzluğa yol verilibsə, qanunu pozan adamlar cəzalandırılsın. Yeri gəlmişkən onu da qeyd edim ki, hətta bəzi zibilxanaların sahəsi də satılmışdır. Belə faktlara Bakının Xəzər rayonunun qəsəbələrində də rast gəlinir.

Cəmiyyətdə olan çatışmazlıqların aradan qaldırılması, düzgün, dürüst cəmiyyətin qurulması üçün hər bir şəxs öz sahəsində vicdanla işləməli, qanunları başının üstündə rəhbər tutmalıdır. İnsanların şüurunda saxtakarlıq, ədavət, böhtan atmaq, dələduzluq, iş vurmaq, başqalarının haqqına girmək kimi fikirlərə yer olmamalıdır. Vəzifəsindən, maddi vəziyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı respublikamızın inkişafı və dünyada tanınması üçün vicdanla və vətənpərvər kimi çalışmalıdır.

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “İti qələm” mükafatları laureatı

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*