Beynəlxalq Valyuta Fondu dünya üzrə iqtisadi geriləmənin artacağını proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu dünya üzrə iqtisadi geriləmənin artacağını proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2020-ci il Qlobal İqtisadi İcmalında dünya üzrə iqtisadi geriləmənin artacağını açıqlayıb. Belə ki, hesabatın pessimist ssenari üzrə proqnozlarına görə, cari il üçün qlobal iqtisadi inkişaf 4,9 faiz olacaq. Bu isə aprel ayında təqdim olunan proqnozla müqayisədə 1,9 faiz geriləmə deməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, hesabatda COVID-19 pandemiyasının bu dövr ərzində dünya iqtisadiyyatına gözlənildiyindən daha mənfi təsir göstərdiyi qeyd edilir. Beynəlxalq təşkilatın proqnozuna əsasən, 2020-ci ilin yanvar ayında təqdim olunan hesablamalarla müqayisədə 2021-ci il dünya üzrə ÜDM 6,5 faiz geriləmə ilə cəmi 5,4 faiz (aprel ayına olan proqnozla müqayisədə 0,4 faiz də aşağı) artacaq.

Fond dünya üzrə iqtisadi geriləmənin artacağını proqnozlaşdırıb. Hazırkı dövrdə bütün dünyada yaşanan böhran vəziyyətinin digərlərindən fərqli xüsusiyyətlərindən biri də bir çox amillərə bağlı olaraq böhrandan bərpa müddətinin nə zaman başlayacağını və nə qədər davam edəcəyini proqnozlaşdırmağın qeyri-müəyyən olmasıdır. Pandemiyanın təsiri nəticəsində 2020-ci ilin birinci rübündə Çin, Hindistan, Çili, Malayziya, Tailand, Almaniya, Yaponiya istisna olmaqla digər bütün ölkələrdə sinxron qaydada ÜDM-də geriləmə müşahidə olunub. İqtisadi inkişafda müşahidə olunan bu azalma ikinci rübdə Çin istisna olmaqla digər ölkələrdə daha da artıb. İnkişaf etmiş bir qrup ölkələrin isə cari ildə ÜDM səviyyəsinin ümumilikdə 8 faiz olacağı gözlənilir. Daha detallı qeyd etsək, bu azalmanın ABŞ-da 8, Yaponiyada 5,8, Böyük Britaniyada 10,2, Almaniyada 7,8, Fransada 12,5, İtaliya və İspaniyada isə12,8 faiz olacağı güman edilir.

Digər tərəfdən Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2021-ci ildə inkişaf etmiş ölkələrin ÜDM-in 4,8 faiz artacağı düşünülür ki, bu da 2019-cu il ilə müqayisədə 4 faiz aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafın aprel ayına olan proqnozla müqayisədə 2 faiz aşağı düşərək -3 faiz olacağı gözlənilir. Aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə isə -1 faiz olacağı proqnoz edilir. İnkişaf etməkdə olan ölkələrdən yalnız Çin istisna olmaqla 2020-ci iqtisadi inkişafın -5 faiz və 2021-ci il üzrə 4,7 faiz olacağı proqnozlaşdırılır. 2021-ci il üzrə bu göstərici 2019-cu ilin inkişaf səviyyəsindən qismən fərqlənir.

Ümumilikdə, indiki zamana qədər yaşanan bir çox böhranlar zamanı əhaliyə verilən sosial və maliyyə yardımları nəticəsində adətən istehlaka dəyən zərərin qarşısını almaq mümkün olmuş, digər tərəfdən investisiya sahəsində daha çox geriləmə müşahidə edilmişdi. Lakin pandemiyanın yaratdığı krizis istehlak səviyyəsinə və xidmət sektoruna da olduqca zərər verib, tələb şokunun yaşanmasına səbəb olub. Böhran əmək bazarından da yan keçməyərək 2020-ci ilin birinci rübündə 130 milyon, ikinci rübündə isə 300 milyon insanın iş yerini itirməsi ilə nəticələnib. Cari ilin birinci rübündə qlobal ticarətdə də təxminən 3,5 faiz, 2020-ci il üzrə isə 11,9 faiz geriləmənin olacağı gözlənilir.

Həmçinin ümumi inflyasiya səviyyəsində də geriləmə müşahidə olunur. Belə ki, 2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin aprel ayında inflyasiya inkişaf etməkdə olan ölkələrdə 4,2 faizə, inkişaf edən ölkələrdə isə 0,4 faizə düşüb. Bundan başqa, fiskal kəsirin əhəmiyyətli dərəcədə genişlənəcəyi və borc nisbətlərinin 2020-2021-ci illərdə artacağı gözlənilir. İlkin ssenariyə əsasən, qlobal dövlət borcunun indiyə kimi müşahidə olunan ən yuxarı göstəriciyə – 2020-2021-ci illərdə ÜDM-in 101 faizini keçərək, 19 faiz rekord səviyyəyə çatacağı pronozlaşdırılır. Fiskal kəsirin isə 2020-ci ildə bir il əvvəl ilə müqayisədə 10 faiz artaraq 14 faizə çatacağı gözlənilir.

Dünya ölkələrinin iqtisadiyyatlarının gələcək şoklara daha təkmil hazırlıqlarını təmin etmək üçün dövlətlərin tənəzzül dövründə avtomatik, vaxtında və müvəqqəti dəstəkləmə mexanizmlərinin dərhal həyata keçirilməsi istiqamətində addımlar atması nəzərdə tutulur. Çox şaxəli və güclü əməkdaşlıq bir çox sahələr üçün zəruri olaraq qalır. Tibbi böhran və xarici maliyyə vəsaitlərinin çatışmazlığı ilə üzləşən ölkələr üçün qlobal maliyyə təhlükəsizlik şəbəkəsi vasitəsilə borcluluq və maliyyələşdirmə kimi çətinlikləri nəzərdə tutan likvidlik probleminin həlli istiqamətində tədbirlərin görülməsi olduqca vacib hesab olunur.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*