Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlanıb

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlanıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 10 milyard 6,8 milyon dollarını və ya 56,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 823,5 milyon dollarını (43,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1282,4 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4,0 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2,0 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13,0 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4,0 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*