“AzerGold” QSC peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət
Agentliyi (PTDA) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili
müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti
“Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.
Dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək vermək məqsədilə təsis
edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində
təhsil alan tələbələr arasında keçiriləcək müsabiqənin nəticələri əsasında təqdim
olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə
qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Torna və frezer dəzgahlarının operatoru”,
“Çilingər-santexnik”, “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin
quraşdırılması və təmiri üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-
çilingər” ixtisasları üzrə təhsil alacaq tələbələr iştirak edəcəklər.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən
yüksək nəticə göstərən 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla
keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində olmaqla hər ay
200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Bununla, tələbələr “AzerGold”
QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində
qurmaq fürsəti qazanacaqlar.
Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə
təhsil alan tələbələr üçün “Təqaüd proqramı” layihəsi 2021-ci ildən təşkil edilir. Daha
öncə peşə təhsili üzrə keçirilən 2 təqaüd layihəsində qalib olan ümumilikdə 27 nəfər
tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib.
Qeyd edək ki, “AzerGold” QSC və PTDA arasında əməkdaşlığın əsasını 19 may
2020-ci il tarixində qurumlar arasında metal filizi yataqlarının öyrənilməsi, tədqiqi,
kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə
təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış
Anlaşma Memorandumu təşkil edir.