“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi “Daşkəsən rayonunda
qadınların məşğulluğunun artırılması” layihəsinin icrasına başlayıb.
Layihə QSC-nin “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar,
Quşçu kəndləri və “Şadax” adlanan ərazidə yaşayan qadınların əmək bazarında
rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı
evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında mikro və kiçik
sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Bu məqsədlə “AzerGold” QSC
və Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə
qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində
qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, peşə təhsili müəssisələrinə
qəbul qaydaları, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.
Həmçinin təlim iştirakçılarının düzgün iş seçimində karyera planlaması,
potensialın kəşf edilməsi, bazar imkanlarının araşdırılması, məqsədlərin təyini və
fəaliyyət planının qurulması, eləcə də Dövlət Məşğulluq Agentliyinin “Alo
karyera” dəstək xidməti, iş axtarışı alətləri və müsahibəyə hazırlıq mövzularında
maarifləndirilməsi təmin edilib.
Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara
“AzerGold” QSC-nin yerli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış elektron işə
qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsuli ilə əmək fəaliyyətinə
cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi
xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu
xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.
Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən
qadınların “AzerGold” QSC-nin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən
müvafiq istiqamətlər üzrə peşə fəaliyyətinə cəlb edilməsi üçün zəruri addımların
atılması nəzərdə tutulub.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə ətraf mühitin
qorunması, məşğulluğun artırılması, mikro sahibkarlığın inkişafı, təhsil, idman,
sağlamlıq, yeniyetmə və gənclərin təlim-tərbiyəsi, sosial rifahın yüksəldilməsi,
mədəni irsin qorunması və digər istiqamətlər üzrə ardıcıl, məqsədyönlü tədbirlər
həyata keçirir. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların
ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə
edilir.