“AzerGold” QSC-nin ixrac gəlirləri 1 milyard manatı ötüb
Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət
şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və
gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi
ümumi vəsait 1 milyard 716 min 495 manata çatıb.
Belə ki, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3.7 min
unsiya qızıl, 11.4 min unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12.8
milyon manat satış gəliri əldə edilib. Bununla QSC tərəfindən bütün fəaliyyət
dövrü ərzində ixrac edilən qızılın həcmi 361.9 min unsiya, gümüşün həcmi isə
723.5 min unsiyaya çatıb.
İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə
daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin
ümumi satış gəlirləri 1.042 milyard manatı üstələyib. Belə ki, ötən dövr ərzində
11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib.
Qeyd edək ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin –
“Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində
“Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində
yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə
“Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və
“Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq
“AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər
rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif
mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir.