Daşkəsən və Göygöl rayonlarında aqrar sahədə aparılan monitorinqlərin nəticələri müəyyənləşib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin
(Agentlik) dəstəyi ilə icra olunan “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa
dəstək” layihəsi çərçivəsində Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu
(“Şadax” daxil olmaqla), Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar
kəndində aparılmış monitorinqlərin nəticələri məlum olub.
Belə ki, cari ilin 24-27 iyul tarixlərində adıçəkilən ərazilərdə aqrar sahədə
mövcud vəziyyətin yoxlanılması, cəmiyyətin aktiv hasilat və istehsalat
fəaliyyətinin ətraf ərazilərə təsirinin qiymətləndirilməsi məqsədilə heyvan, bitki,
torpaq və su mənbələrindən götürülmüş nümunələr əsasında aparılmış laborator
analizlərin nəticələrinə görə məhsuldarlığa, eləcə də sağlamlığa mənfi təsir edən
faktorların olmadığı müəyyən edilib. Həmçinin fermerlər arasında aparılmış sorğu
zamanı onların maddi-texniki ehtiyacları, təsərrüfat fəaliyyətlərində qarşılaşdığı
əsas problemlər təhlil edilərək, ümumiləşdirilib.
Növbəti mərhələdə qlobal antropogen amillərin aqrar sahədə məhsuldarlığa
mümkün təsirləri nəzərə alınaraq, fermer təsərrüfatlarının daha da inkişaf
etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması
və beləliklə, praktiki addımların atılması, zəruri dəstək tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən
layihədə əsas məqsəd Cəmiyyətin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi
bölgələrdə dayanıqlı inkişafı məqsədlərinə nail olunması, o cümlədən yerli
icmalarla işin gücləndirilməsi, aqrar sahənin dəstəklənməsi və inkişaf etdirilməsi,
ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasıdır.