2023-cü ilin I rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb
Dövlət ixracatçı subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübü ərzində satış göstəriciləri
artıb.
Sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5
min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları
nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib. Bu, 2022-ci ilin eyni dövrü
ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79%, satış gəlirlərində
isə 13.9% artım deməkdir.
Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya
gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı
daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində
müvafiq olaraq, 15% və 7.6% artım qeydə alınıb. I rüb üzrə ixrac əməliyyatları
nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.