Bakıda İCAPP-ın xüsusi konfransı keçirilir
Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilir.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edib.
T.Budaqov qeyd edib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda müxtəlif etnik, dini qrupların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşa və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.
YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb: “Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum qətnaməsini də icra edib”
T.Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina edir: “İnanıram ki, ümumilikdə Asiyanın 370-dən çox partiyasını birləşdirən İCAPP-ın Bakıda keçirilən bu konfransı yaddaqalan olacaq”, - deyə o əlavə edib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb. Onun sözlərinə görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.
Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər: “Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.
A.Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətində gördüyü işlərdən də danışıb: “Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə veririk. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”, - türkiyəli millət vəkili bildirib.