Azərbaycanda gələn ildən korporativ istiqrazlara zəmanət veriləcək
"Kapital bazarları maliyyə-bank sektorunda fəaliyyət göstərən şirkətlərə daha çox maliyyələşmə imkanları yaradır, digər real sektoru təmsil edən şirkətlərin iştirakı daha məhduddur".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, real sektorda olan şirkətlərin iştirakı artarsa kapital bazarları daha səmərəli, effektiv fəaliyyət göstərə bilər. S. İsmayılov əlavə edib ki, AMB tərəfindən sözügedən şirkətlərin kapital bazarlarına cəlb edilməsi üçün addımlar atılır: "Cari ilin avqust ayında korporativ istiqrazlara zəmanət mexanizmi təsdiq edilib. Yəni, kreditlərə zəmanət mexanizmi fəaliyyət göstərdiyi kimi, istiqrazlara da bu mexanizm tətbiq olunacaq. Kapital bazarları vasitəsilə maliyyələşmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqraz buraxa biləcəklər. Bu məqsədlə hazırda müvafiq qaydalar hazırlanmaqdadır. Gələn ilin yanvar ayına kimi istiqrazlara zəmanət verilməsi qaydası təsdiq ediləcək".