Zakir İbrahimov 1-ci "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüşünü keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir
İbrahimov 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə
qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.
Görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət
planının nəticələri ətraflı müzakirə edilib. Nazim Novruzov proqram müddətində
mentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar,
böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və
biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd
edib.
Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Nazim
Novruzovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib.
QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi
ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz
potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera
inkişafında uğurlar arzu edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və
idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini,
dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə
təsis olunub.