Formula 1 ilə bağlı Bakıya gələn turistlərin sayı açıqlanıb
Bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir.
Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
A.Rəhimov bildirib ki, ötən illərdə Rusiyadan Azərbaycana çoxlu sayda turist gəlirdi və çətinliklər üzündən bu il ordan gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını artıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.