Bakıda batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına start verilib

Fevralın 24-də Bakı şəhərində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyinə və Bakı çempionatına start verildi.
Başlanğıcda Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha sonra bütünlükdə 94 idmançının iştirak etdiyi yarışlara start verildi. 62 gimnast batut, 32 idmançı isə tamblinq üzrə yarışda iştirak edir.
"Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar aşağıdakı yaş kateqoriyalarında fərdi proqramlarda çıxış edirlər: balacalar (2016-2017), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük).