İlin ən uzunmüddətli qol seriyaları açıqlanıb
2021-ci ilin ən uzunmüddətli qol seriyaları müəyyənləşib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində ardıcıl ən çox oyunda fərqlənən futbolçuların adlarını açıqlayıb.
Siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. İlin ən yaxşı hücumçusu seçilən polşalı 15 fevral - 22 may tarixləri aralığında ardıcıl 14 matçda ümumilikdə 22 dəfə fərqlənib. Bunun 12-si “Bavariya”nın, 2-si isə Polşa yığmasının oyununa təsadüf edib. Uğurlu seriya iyunun 1-də Polşa millisinin Rusiya (1:1) ilə yoldaşlıq görüşündə pozulub.
Levandovskini danimarkalı Kasper Yunker izləyir. 12 oyundan ibarət ikinci ən uzun seriyaya malik Yunker bunun 9-nu “Bode-Qlimt”də, 3-nü isə sonradan transfer olunduğu “Urava Reds”də vurub
Cədvəldə ilk “üçlüy”ü isə Nemanya Bilbiya qapayıb. “Jrinski”nin bosniya və herseqovinalı oyunçusu ardıcıl son 10 matçda rəqib qapılarına yol tapıb. O, seriyası 2022-ci ildə də davam etdirə bilər.
Qeyd edək ki, Robert Levandovski bu il bütün yarışlarda ardıcıl 19 görüşdə fərqlənməyi bacarıb.