Körpələrilə intihar edən qadın qayınanası ilə dalaşıbmış - TƏFƏRRÜAT
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharı ilə bağlı yeni faktlar məlum olub.
Adekvat.az Oxu.Az-a istinadən xəbər verir ki, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.
Bildirilib ki, A.Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Suslan Abbasov ailəsi ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndində yaşayırmış. O, bir müddət əvvəl Rusiyaya gedib və ailəsi də Bakıya köçüb.
Aytən Abbasova iki övladı və qayınanası ilə birlikdə Bakıda kirayədə yaşayırmış.
Bildirilib ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş. Ötən gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb. Digər məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.
Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:
“Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib”.