Keçmiş arvadını öldürən ər ona dəfələrlə xəyanət edibmiş - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədova keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilib.
Modern.az qətllə bağlı bəzi detalları əldə edib. Qonşuların saytımıza bildirdiyinə görə, mərhumun 5 və 8 yaşlarında iki oğlu yadigar qalıb. Uşaqlar doğulana qədər ailə dəfələrlə boşanma həddinə çatıb. Buna səbəb isə 1987-ci il təvəllüdlü Ramil Məmmədovun həyat yoldaşı Rəqsanəyə xəyanəti olub.
Belə ki, ilk övladları doğulduqdan sonra Rəqsanə Ramilin ona xəyanət etdiyini öyrənib və ayrılmaq qərarına gəlib. Ailə boşandıqdan sonra Ramil həyat yoldaşını bir daha xəyanət etməyəcəyinə inandıraraq, ona barışıq təklif edib. Böyüklərin də razılığı ilə cütlük barışıb.
Bir müddət sonra onların ikinci övladı dünyaya gəlib. Keçmiş vərdişindən əl çəkməyən ər yenə xəyanətlə yaxalanıb. Bu dəfə Rəqsanə qəti şəkildə boşanaraq, bir daha barışmayacağını bildirib.
Övladları ilə birlikdə Abşeron Gənclər Şəhərciyində yaşayan qadın 1 həftə əvvəl ərazidəki mağazalardan birində çalışmağa başlayıb.
Qətl baş verən gün Ramil ondan boşanmış keçmiş arvadını “sənin başqası ilə münasibətin var?!” deyərək ittiham edib. O, elə həmin andaca dəfələrlə xəyanət etdiyi Rəqsanəni etmədiyi əmələ görə həyatdan məhrum edib.
Rəsmi məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.