Şuşaya bayraq sancmağı arzulayan tarix yazan igid: şəhid gizir Ümid Novruzlu
Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz igidləri tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla və qürurla davam etdirir.
Kitabxananın İnformasiya-resurs şöbəsinin sistem-inzibatçısı Gülnar Allahverdiyeva döyüş cəbhəsində şücaətli mübarizəsi ilə dillərə dastan olan növbəti şəhid gizir Ümid Novruzlu haqqında məlumat xarakterli videoçarx hazır etdi.
Təqdim edilən videoçarxda şəhidin yoldaşı Gülay xanımdan əldə edilən informasiya ilə Ümid Novruzlunun həyat yolu haqqında məlumatı şəhidin hərbi fəaliyyətini əks etdirən fotoları və ailəsi ilə çəkdirdiyi görüntüləri izləmək mümkündür.
Şəhid Novruzlu Ümid Bahadur oğlu 1992-ci il 7 iyun tarixində Babək rayonunda anadan olmuşdur. 1998-ci ildə Babək rayon Babək qəsəbəsində Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2009-cu ildə həmin məktəbdən məzun olmuşdur.
Azərbaycanın igid oğlu 2010-2012-ci illərdə həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətdə olduğu müddətdə komandir və əsgər yoldaşlarının hörmətini qazanmış, nümunəvi əsgər olmuşdur.
Ümidin Vətənə məhəbbəti sonsuz idi. Məhz bu əbədi sevgi onun yenidən hərbiyə qayıtmasına səbəb oldu.
2012-ci ilin 1 avqust tarixində Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə MAXEHQ olmuş, sürücü – atıcı kimi xidmətə başlamışdır. O, 2020-ci ildə gizir rütbəsini almışdır.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda hər bir hərbiçi kimi Ümid də müharibəyə getməyə can atırdı. Vətənə sədaqətini bu istəyi ilə bir daha sübut etmişdir.
Bu müddət ərzində gedən təlimlərdə ayağından aldığı zədəyə və komandirlərinin təkidinə baxmayaraq o, oktyabrın 24-ü tarixində Vətən müharibəsinə yollandı.
Döyüş yoldaşlarının ailəsinə verdiyi məlumata əsasən, qəhrəman ürəyə sahib Ümid düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, dəfələrlə yaralanmasına baxmayaraq bu sözləri söyləmişdi:
“Şuşaya zəfər bayrağını özüm sancacam!”
Ümidin qəlbində daşıdığı istək onu hər ağrı-acıya, əziyyətə dözməyinə səbəb oldu.
Novruzlu Ümid 5 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində qəhrəmanca vuruşaraq və düşmən qüvvələrini darmadağın edərək əbədi zirvəyə ucaldı.
13 noyabr 2020-ci il tarixində cənazəsi doğulduğu Babək şəhərinə gətirilən Ümid Bahadur oğlu Novruzlu elə həmin qəsəbənin məzarlığında dəfn edilmişdir.
Şəhid Ümid Novruzlu iki bacının bir qardaşı idi, 2014-cü ildə ailə həyatı qurmuşdu. Bir oğlan, bir qız atası olan Ümid qayğıkeş oğul, mükəmməl ailə başçısı idi.
Övladları daim Ümidin yolunu gözləyir və bu sualı verirlər:
“Atam gələcəkmi?”
Ailəsinə verilən məlumata əsasən, Ümid ayaq və qulaq nahiyələrindən yaralanmasına baxmayaraq geri dönməmiş, son nəfəsinə kimi igidcə vuruşmuşdur. Nə qədər geri qayıtmasını söyləsələr də, Ümid getdiyi haqq yolunda irəliləməyi üstün tutmuşdur.
Azərbaycanın qəhrəman oğlunun son sözləri:
“Hər şeyi gözə alıram, necə bir vəziyyətdə oluramsa olum nəfəsim evimə getsin, çünki mən ailəmə, uşaqlarıma, yoldaşıma söz vermişəm... Sağ-salamat qayıdacam!"
Ümid ailəsinə bağlı bir insan idi. Ümidin demək olar ki, uşaqları ilə bağlı çoxlu arzuları var idi. Ən böyük arzusu 6 yaşlı oğlunun ilk xeyir işini görmək idi.
Yoldaşının verdiyi məlumata əsasən:
“Ümid yaxşı oğul, qayğıkeş ata, mükəmməl ailə başçısı idi. O, müharibəyə getməmişdən qabaq mənə zəng vurdu və uşaqları gəzintiyə aparacağını söylədi. Sanki o an uşaqlarla son vaxtlarını keçirdiyini hiss etmiş kimi idi. Evə qayıtdıqdan iki gün sonra mənə Vətən müharibəsinə gedəcəyini söylədi. Mənə bu sözləri xüsusilə vurğuladı:
- Dik dur, ağlama! Sən yaxşı ol ki, mən düşmənin başını əzə bilim. Sənin üçün Şuşaya sancacağım bayraqla şəkil çəkdirəcəm və sən mənimlə fəxr edəcəksən!
Ümid mənim arxam, dayağım idi. Mən onunla fəxr edirəm...”
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid gizir Ümid Novruzlu “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Zəfər qazanmağı qarşısına məqsəd qoyan Vətənin igid oğlu, ruhun şad olsun!
Azərbaycanın mərd və cəsur oğlu Ümid Novruzlu haqqında hazırlanmış videoçarx aşağıdakı YouTube keçidində verilib: