Bölgələrdə “Ürək mərkəzləri” faəliyyətə başlayacaq - Vüqar Qurbanov

Son illər ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün güclü potensial yaranıb.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Medinex - 2023" sərgisində çıxışı zamanı deyib.
O qeyd edib ki, əldə edilən uğurlu nailiyyətlər tibb ocaqlarının qabaqcıl dünya ölkələrinin səhiyyə sisteminə transformasiyasına zəmin yaradıb.
"2020-2023-cü illər ərzində şəhər və rayonlarımızda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb.
80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilmiş və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb.
Xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin olunması və kadr islahatları ilə bağlı görülən işlər nəticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım müşahidə edilib. Belə ki, aylıq ortalama stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib.
Ötən müddətdə TƏBİB “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022 – 2023-cü illər üçün Proqram” çərçivəsində tabeliyində olan 15 tibb müəssisəsində xarici ölkələrdə təhsil almış 79 həkim-mütəxəssis işə qəbul edilib.
Bugün Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkili istiqamətində Ağalı, Hadrut, Laçın, Talış, Cəbrayıl Ailə Sağlamlıq Mərkəzləri, Şuşa Modul Tipli Xəstəxana fəaliyyət göstərir.
Eyni zamanda, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin müayinələrdən keçirilməsi də TƏBİB tərəfindən təmin edilir", - deyə o qeyd edib.
V.Qurbanov həmçinin əlavə edib ki, TƏBİB tərəfindən ölkəmizdə “Ürək mərkəzləri”nin yaradılması kimi böyük layihə icra olunur.
"Ötənilki “Medinex” Sərgisində layihə kimi təqdim olunan, artıq Lənkəran və Şirvan şəhərlərində açılışı reallaşdırılan iki belə mərkəz fəaliyyətə başlayıb. Əlbəttə ki, regionlarımızda “Ürək mərkəzləri”nin fəaliyyət göstərməsi önəmli hadisədir. Layihənin digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub", - deyə o bildirib.