Laçın sərhəd buraxılış məntəqəsi dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına daxil edilib
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) həmin siyahıya daxil edilib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.











