“Şuşanın gənc bələdçiləri” layihəsinə hər bir gənc qoşula bilər

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Şuşanın gənc bələdçiləri” layihəsi davam edir.
Layihə üzrə nəzərdə tutulan videotəlimlərin çəkilişləri başa çatıb. Qeyd edək ki, bələdçilik peşəsinin sirləri, eləcə də Şuşanın turizm potensialı, aktiv və mədəni marşrutların qurulması və sair mövzularda olan bu təlimləri hər bir gənc izləyə bilər. Bunun üçün istək müraciətlərini mövzu adı “Şuşanın gənc bələdçisi” olmaqla [email protected] ünvanına göndərə bilərlər.
Təşkilatın sədri Rəşad Cəfərov gənclərə çağırış edərək bu layihənin iştirakçısı olmağa, təlimlərdən yararlanaraq Şuşanın gənc bələdçisi olmağa dəvət edib: “Gənclər həyata keçirdiyimiz bu layihəyə qoşularaq bələdçilik peşəsinin sirlərini öyrənəcək, uğurlu təqdimat bacarıqlarını mənimsəyəcək, Şuşa turizm potensialı haqqında daha geniş məlumatlar alacaq, aktiv və mədəni marşrutlar barədə biliklərə sahib olacaqlar. Şuşanın gənc bələdçisi olmaq istəyən hər bir gənc müraciət etməklə layihəmizin bir parçasına çevrilə bilərlər.”
Ümumilikdə isə “Şuşanın gənc bələdçiləri” layihəsinin ideyası Şuşaya səfər etmək istəyən, bu səfərlərə bələdçilik etmək istəyən gənclər üçün olduqca faydalıdır. Həmçinin bu layihə Şuşaya virtual səyahəti də ifadə edir. Belə ki, hazırlanacaq sayt vasitəsilə hər kəs Şuşanın tarixi məkanları haqqında yazılı və səsli məlumatlar ala biləcək. Layihənin məqsədi Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı, gənclərin bələdçilik sahəsində mütəxəssis olmalarına dəstək olmaq, Şuşanın tarixi və mədəniyyəti ilə bağlı maarifləndirmə işində gənclərin iştirakını təmin etmək, gənclərin Şuşaya qayıdışını və orda işlə təmin olunmalarına qismən töhfə vermək, Şuşaya turist səfərlərinin təşkilində gənclərin fəalığının artırılması və iştirakına maraq yaratmaq, Şuşa haqqında virtual aləmdə maraqlı kontentin yaradılmasına çalışmaq və sairi əhatə edir.