Meyiti tapılan 4 nəfərin hamısının kimliyi MƏLUM OLDU

Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərin hamısının şəxsiyyəti məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu məlum olub.
Qeyd edək ki, evdə tapılan digər meyitlər 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu, 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğluna məxsusdur.
Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.