Senatın qərəzli qətnaməsi Fransa adına böyük rüsvayçılıq və qara ləkədir

Senatın qərəzli qətnaməsi Fransa adına böyük rüsvayçılıq və qara ləkədir

Vətən müharibəsində qələbəmizin təmin olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ordumuzun tam yenidən qurularaq dünya standartları səviyyəsinə çatdırılması, ölkəmizin ərazi bütövlüyü uğrunda dövlət başçısının qətiyyətli mövqeyi və xalqımızın sarsılmaz iradəsi nəticəsində mümkün oldu. Rəşadətli Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı nəticəsində illər idi ki, işğal altında qalan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və mühüm strateji əhəmiyyətli yüksəkliklər azad edildi. Təslim olan düşmən birgə Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri boşaltmalı oldu. Laçın rayonu da azad edildikdən sonra Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmiş olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputatın sözlərinə görə, üçtərəfli Bəyanatın imzalanması mühüm strateji əhəmiyyətə malik olan Kəlbəcərin, Ağdamın, Laçının heç bir güllə atılmadan sülh yolu ilə azad edilməsi xüsusi vurğulanmalıdır. Ermənistan silahlı qüvvələrinin müəyyən edilən cədvəl əsasında Azərbaycana məxsus ərazilərdən çıxarılması Prezident, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq, tükənməz Vətən sevgisi və qəhrəmancasına vuruşmalarının əyanı nümunəsidir.

Bir daha sübut olundu ki, ölkəmizdəki xalq-iqtidar birliyi sayəsində ən çətin məsələlər çox tez bir zamanda həll edilir. Azərbaycan xalqı qələbəni böyük sevinc, coşqu və məhəbbətlə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir. Çox sevindirici və qürurverici haldır ki, Prezident İlham Əliyev dünən Kəlbəcərin də azad edilməsi münasibətilə xalqa müraciət etdi. Kəlbəcərin erməni işğalından azad edilməsi təkcə kəlbəcərliləri deyil, hər birimiz sevindirir. Bu qələbə həm də xalqla Müzəffər Ali Baş Komandanın və xalqla ordunun qırılmaz və möhtəşəm birliyinin təzahürüdür.

Faşist ideologiyasına xidmət edən mənfur ermənilər Kəlbəcərdə qanunsuz qazıntılar aparıb və tapılmış qiymətli tarixi əşyaları Ermənistana daşıyıblar. Onlar qədim Alban kilsələrini erməniləşdirərək öz adlarına çıxarıblar. Bununla kifayətlənməyən rəzil düşmən məcidlərimizi və digər tarixi abidələrimizi yerlə-yeksan ediblər. Bu vəhşilik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu vandalizmi törədən qaniçən düşmənin xalqımıza vurduğu maddi və mənəvi ziyana görə layiqli cəzasını alması üçün dövlətimizin əlaqədar qurumları nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə bütün hüquqi imkanlardan istifadə edəcək. İnanırıq ki, dövlətimizin başçısının müraciətində qeyd edildiyi kimi, işğaldan azad edilən bütün bölgələr kimi Kəlbəcər də böyük sevinc və fərəh hissi ilə Vətənə qayıdan yurdsevər kəlbəcərlilərin fəal iştirakı ilə yenidən dirçələcək, müalicəvi bulaqları, zəngin təbiəti və mineral ehtiyatları ilə Azərbaycanın turizm və sənaye mərkəzinə çevriləcək.

Səbinə Xasayeva bildirib ki, Ermənistan saxta tarix yaratmaqla dünyanı öz yalanlarına inandırmağa səy göstərir. Bu məsələdə havadarları onlara dəstək göstərirlər. Erməni lobbisinin güclü olduğu Fransa kimi dünyanın nüfuzlu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədr dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, Senatda qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması məsələsi müzakirə edilir. Fransanın bu münasibəti təəssüf doğurur. O, bu yanlış addımı ilə ölkəmizə qarşı uzun müddət yeritdiyi məkrli siyasətini açıq şəkildə göstərir. Senatın qəbul etdiyi qərəzli qətnamədə əks olunmuş müddəalar noyabrın 10-da əldə edilmiş razılaşmaya kölgə salır. Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. Senatın qərəzli qətnaməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Buna gərə də Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etməsi məqsədəuyğun olardı. Fransa Senatının ermənipərəst üzvləri unudurlar ki, belə mənasız və heç bir hüquqi əsası olmayan sənədlə tarixi inkar, həqiqətləri ört-basdır etmək qətiyyən mümkün deyil.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*