Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “Asan İmza” Banqkok şəhərində BMT-nin iclasında təqdim edilmişdi

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “Asan İmza” Banqkok şəhərində BMT-nin iclasında təqdim edilmişdi

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 14-16 yanvar tarixlərində Taylandın paytaxtı Banqkok şəhərində transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun hüquqi və texniki işçi qruplarının 7-ci iclasını keçirdi. 2030-cu ilədək olan dövr üçün davamlı inkişaf sahəsində gündəliyə uyğun olaraq Asiya-Sakit Okean bölgəsində yerləşən ölkələr beynəlxalq ticarət prosedurlarını daha effektli və əhatəli etmək niyyətindədirlər. Birləşmiş Millətlər Təşkilatının müqaviləsinə əsasən Asiya və Sakit Okean regionunda transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə Çərçivə Sazişinin qəbul edilməsi bölgəyə ticarət prosedurlarının rəqəmsallaşdırılması vasitəsilə bu sahədə tərəqqinin sürətlənməsinə imkan verir.

Transsərhəd ticarətin rəqəmsallaşdırılması ticarətin rəqabət qabiliyyətini və transsərhəd elektron ticarətlə əlaqəli kiçik daşımaların sayını artırmaq və rəqəmsal iqtisadiyyatın böyüməsi kimi qarşıda duran məsələlərin həlli üçün əsas vasitədir. Kağızsız ticarətin istifadəsinin bölgəyə hər il təxminən 600 milyard dollar qənaət edərək beynəlxalq ticarətin xərclərini 25%-dək azalda biləcəyi təxmin edilmişdir. Təcrübə göstərir ki, bəzi ölkələr milli səviyyədə əksər ticarət prosedurlarını rəqəmsallaşdırsa da kağız sənədləri hələ də zəruridir, çünki bu ölkənin tanıdığı elektron verilənlər və sənədlər digər ölkələrdə tanınmır. Bu tələblərə cavab vermək üçün Asiya-Sakit Okean bölgəsinin 25-dən çox ölkəsindən olan işçi qrup Asiya-Sakit Okean regionunda transsərhəd sənədsiz ticarətin sadələşdirilməsinə dair Çərçivə Sazişindən irəli gələn məsələlərin həlli ilə məşğul olurlar. İşçi qruplar aşağıdakı dəstəkləyici əsas sənədləri birgə müzakirə etdilər: hüquqi və texniki hazırlığın qiymətləndirilməsi üçün nəzarət siyahıları; milli siyasət əsaslarının işlənib hazırlanması; fərdi fəaliyyət planının işlənib hazırlanması; potensialın artırılması strategiyası; qarşılıqlı tanınma mexanizmi. İclasın son günündə işçi qruplar sessiya müddətində irəliləyişləri müzakirə etmək üçün bir araya gələrək bir-birilə əlaqəli şəkildə işləyə biləcəkləri problemlər barədə fikirlərini bölüşdülər.

İşçi qrupun üzvü və eksperti olaraq B.EST Solutions şirkətinin direktoru və təsisçisi, “Asan İmza” xidmətinin texniki operatoru və Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan xanım Jana Krimpe RTQ layihəsinin ən yaxşı təcrübələrdən biri kimi reallaşdırılması haqqında məruzə etdi. Xanım Krimpe bu layihənin təkcə regionda deyil, qlobal səviyyədə əhəmiyyətini vurğuladı və son bir ildə əldə edilmiş nəticələr və inkişaf ilə RTQ portalının istifadəyə verilməsi barədə işçi qrupların üzvlərinə məlumat verdi. O, həmçinin RTQ-nin inkişafının Azərbaycanın bölgədəki rəqəmsal ticarət mərkəzi kimi mövqeyini daim gücləndirəcəyini, sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyaların istifadəsini genişləndirəcəyini, həmçinin mövcud xidmətlərin rəqəmsallaşdırılacağını və elektron xidmətlərə çıxışını sürətləndirmək üçün innovativ xidmətlər göstərəcəyini qeyd etmişdir.

O, həmçinin ticarət prosedurlarının sadələşdirilməsi, kağızsız ticarət və hərtərəfli inkişaf haqqında Ümumdünya Ticarət Təşkilatı (WTO) sazişilə əlaqəli olan, 120 ölkə və 47 ölçünü əhatə edən Ticarət prosedurlarının sadələşdirilməsi və kağızsız ticarətin tətbiqi üzrə BMT-nin 2-ci Qlobal icmalında yüksək mövqe əldə etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və digər dövlət və özəl qurumları ilə birlikdə görülən böyük işləri təqdim etdi. SPECA ölkələrində rəqəmsal və davamlı ticarət prosedurlarının sadələşdirilməsinə dair 2019-cu il hesabatına əsaslanan xanım Jana Krimpe öz çıxışında vurğuladı ki, “Azərbaycan, çox yüksək tətbiqetmə göstəricilərinə nail olur – 80%-dən çoxdur. Region üzrə

orta göstəricilərlə müqayisədə Qazaxıstan və Özbəkistanda tətbiqetmə göstəriciləri müvafiq olaraq 67% və 62% -dir. Biz ən yaxşı təcrübələrimizi bölüşmək və dünya üzrə kağızsız ticarətdə ən yaxşı nəticələrə nail olmaq istərdik. Cənab İqbal Babayevin Azərbaycanın UNESCAP-dakı rəsmi nümayəndəsi kimi böyük töhfəsini və gördüyü işləri qeyd etmək istərdim. Biz birlikdə BMT-nin qlobal icmalında ən yüksək mövqeyə sahib olmaq, dövlət-özəl tərəfdaşlığına əsaslanan ən son innovasiyaları və ən yaxşı təcrübələri tətbiq edən qlobal rəqəmsal qovşağı olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd etmək lazımdır ki, bu layihə çərçivəsində transsərhəd elektron xidmətlərin təqdim edilmə prosesinin müvafiq qanunvericilik aktlarının qəbul edilməsilə sürətləndirilməsi gələcəkdə Azərbaycan üçün böyük imkanlar açacaqdır. Azərbaycanda “Asan İmza” mobil identitet texnologiyasının tətbiqi əhaliyə şəffaf xidmətlərin göstərilməsi, xidmətlərin əlyetərliyi və əhatəliliyi təmin etmək aləti kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarının ən yaxşı təcrübələrinə əlavə edilmişdir. Tədbir haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu (DTH) haqqında:

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu – Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında Saziş, 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanmışdır. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir. Daha ətraflı məlumatı https://dth.az/ saytından əldə edə bilərsiniz.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*