Psixoloq Gültəkin Yusifova: "Əsas işim məktəbdə sağlam psixoloji mühit yaratmaqdan ibarətdir"

- Gültəkin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 2004-cü ildə orta məktəbi bitirib universitetə sənəd vermişəm. Ən böyük arzum psixoloq olmaq olub. Çünki mənim bibim və yaxın qohumum, Bakı Dövlət Universitetinin alim professoru Rəşid Cabbarov psixoloq vəzifəsində çalışır. Mən onlara baxıb bu sənəti sevmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2009-cu ildən etibarən məktəbdə psixoloq olaraq fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Əsas işim məktəbdə sağlam psixoloji mühit yaratmaqdan ibarətdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Narkomaniyaya qəti surətdə "yox" deyirəm. Çünki narkomaniya bəşəriyyətin böyük bir bəlasıdır. Çox istərdim ki, hər bir evdə uşağa sevgi və qayğı göstərilsin. Belə olduğu təqdirdə, uşaq pis vərdişlərə qurşanmır.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və mehriban biriyəm. İnsanlara dost olmağı və ünsiyyət qurmağı sevirəm. Buna görə də şagirdlərimin və valideynlərin sevgisini qazana bilmişəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki oğlum var.
- Oxuculara nə məsləhət görərsiniz?
- Məsləhət görərdim ki, ilk növbədə ailədə sağlam psixoloji mühit yaratsınlar. Hər bir valideyn övladı ilə dost olmağı bacarmalıdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Ağlıma gəlməzdi ki, mən məcburi köckünlərin oxuduğu məktəbdə dərs deyərəm. Əvvəllər mənim üçün bu bir az çətin idi. Amma işimin öhdəsindən gəlməyi bacarmışam. Bizim Zəngilan rayonunun Ağalı kəndi var. Orada bizim Zəngilan rayonunun əhalisi məskunlaşıb. Həmin kəndin məktəbində psixoloq yoxdur. Əgər mənə şərait yaradılsa, mən oradakı uşaqlarla danışmaq, onlara psixoloji dəstək olmaq istəyərəm. Bir sözlə, vaxtaşırı həmin kəndə gedib təmənnasız xidmət göstərməyə hazıram. Bu, mənim ən böyük arzularımdan biridir.