“Xiaomi” kompaniyasının gəliri bu ilin birinci rübündə 260 faiz artıb
Çinin aparıcı smartfon istehsalçısı olan “Xiaomi” kompaniyasının cari ilin ilk rübündə əldə etdiyi xalis gəlir 260,6 faiz artaraq 7,8 milyard yuana (1,2 milyard dollara) çatıb.
AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat korporasiyanın maliyyə hesabatında yer alıb.
“Xiaomi” kompaniyasının yanvar-mart ayları üzrə ümumi gəliri ekspertlərin proqnozunu üstələyərək illik müqayisədə 54,7 faiz artıb və 76,9 milyon yuana (təxminən 12 milyard dollar) çatıb. Buna daxili bazarda və dünyada smartfon satışlarının artması səbəb olub: cari ilin birinci kvartalında onların həcmi 49,4 milyon ədədə çatıb. Nəticədə “Xiaomi” korporasiyası “Samsung” və “Apple” kompaniyalarından sonra üçüncü ən böyük smartfon ixracatçısına çevirib. İlin sonunda kompaniya bu rəqəmi 200 milyon ədədə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, 2010-cu ilin aprel ayında əsası qoyulan “Xiaomi” korporasiyası 2018-ci ildə ilk dəfə öz səhmlərini “Honkonq” fond birjasında yerləşdirib.
Mayın 26-da ABŞ məhkəməsi “Xiaomi” kompaniyasını "Çinin hərbi müəssisələri" siyahısına daxil etmək barədə Pentaqonun qərarını qüvvədən salıb. Bu gün səhər saatlarında keçirilən hərracda şirkətin qiymətli kağızları 4 faizdən çox bahalaşaraq ədədi 29,3 Honkonq dollarına (3,8 dollar) satılıb.