“Royal Mint” 1100 illik tarixində ən böyük sikkəni hazırlayıb
Böyük Britaniyanın “Royal Mint” sikkəxanası 1100 illik tarixində ən böyük sikkəni hazırlayıb.
Birləşmiş Krallıqda sikkələr istehsal edən “Royal Mint” 20 santimetr enində və 10 kiloqram ağırlığında yeni sikkə istehsal edib.
“Usta işi” kimi xarakterizə edilən və 10 min funt-sterlinq dəyərində olan sikkənin hazırlanması 400 saat çəkib. Yalnız bir ədəd hazırlanan sikkə adının açıqlanmasını istəməyən bir şəxs tərəfindən alınıb.
1953-cü ildə Kraliça II Elizabetin tacqoyma mərasimində Vestminster Abbeyinə gedən yolda olan 10 daş heykəldən ilhamlanaraq hazırlanan sikkənin üzərində at, aslan, şahin, öküz, əjdaha kimi heyvanlar təsvir olunub.
Bu 2017-ci ildən bəri istehsal olunan “Kraliçanın heyvanları” kolleksiyasının sonuncusu idi.